Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə başlanılır.
Milli.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-də saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.
Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 31 avqust saat 00:00-dək
sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər
qüvvədə qalır:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti;
– ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
– muzey və sərgi zallarının fəaliyyəti;
– bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
– açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması.
Eyni zamanda, 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyyətlər də qüvvədədir:
– ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;
– sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;
– “ASAN xidmət” və DOST xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
– tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
– bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması və s.
Operativ Qərargah vətəndaşları mövcud preventiv tədbirlərin şərtlərinə, tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırır.