Home Siyasət İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması...

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

747
0
SHARE

İtaliyanın “Notizie Geopolitiche”, “Kmetro”, “Sardegnagol”, “Giornale Diplomatico”, “Agenzia Nova”, “Yahoo Notizie”, “Finance Yahoo” kimi kütləvi informasiya vasitələri cari ilin 10 avqust tarixində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdiyi fikirlərə geniş yer ayırıblar.

Həmin mətbuat orqanlarında dərc olunmuş yazılarda Prezident İlham Əliyevin fikirlərinə istinadən Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən marağın artdığı qeyd olunur: “Bu, çox əlamətdar hadisədir. Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq”, deyə dövlət başçısının fikirlərindən sitat gətirilir.

Habelə vurğulanır ki, Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, 1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində bu yataqla bağlı hasilatın pay bölgüsü haqqında kontrakt imzalanmış, 1990-cı illərdə bu yataqda 3 quyu qazılmış, lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmamış, kontrakta xitam verilmiş və “Qarabağ” yatağı tərk edilmişdi. “Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir”, deyə Prezident İlham Əliyev bildirir.

“Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”, deyə Prezident İlham Əliyevin fikirləri qeyd olunur.

“Bizim indi əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin”, deyə dövlət başçısının fikirlərindən sitat gətirilir.

“Eyni zamanda, onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi inşa olunmadan investor buraya və heç bir başqa layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünki, məsələn, “Abşeron” qaz-kondensat yatağından çıxarılacaq qazın ixracı üçün yol olmalıdır, həmçinin “Qarabağ” yatağından və digər yataqlardan çıxarılacaq təbii qazın da. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir.

“Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə – Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür”, deyə Prezident İlham Əliyevin fikirləri vurğulanır.

“Ona görə Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır. Bir daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır. Bir layihə o biri layihəni şərtləndirir. Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”, deyə dövlət başçısının fikirləri qeyd olunur.

Yazılar Prezident İlham Əliyevin “Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə – 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikirləri ilə tamamlanır.

Yazılarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.notiziegeopolitiche.net/azerbaijan-aliyev-il-giacimento-di-shah-deniz-fornira-gas-allazerbaigian-e-ai-paesi-partner-per-altri-cento-anni/

https://kmetro0.it/2020/08/11/azerbaigian-aliyev-giacimento-di-shah-deniz-fornira-gas-per-altri-100-anni/

https://www.sardegnagol.eu/europa1/3309-ilham-aliyev-il-giacimento-di-shah-deniz-fornira-gas-all-azerbaigian-per-minimo-altri-cento-anni.html

https://www.giornalediplomatico.it/Azerbaigian-Aliyev-da-giacimento-Shah-Deniz-gas-a-Paesi-partner.htm

https://it.notizie.yahoo.com/azerbaigian-aliyev-presto-pronto-corridoio-meridionale-gas-e-113709298.html

https://it.notizie.yahoo.com/azerbaigian-aliyev-presto-pronto-corridoio-meridionale-gas-e-113709996.html

https://it.finance.yahoo.com/notizie/azerbaigian-aliyev-presto-pronto-corridoio-meridionale-gas-e-113709298.html?guce_referrer=aHR0cHM6Ly93d3cuZ29vZ2xlLmNvbS8&guce_referrer_sig=AQAAAFzIL4BK9oPOub0nePtEur1RuPtlPwzfP9dl3Wu_7mgSE9YubHUjCb5s9WPlerrr9MuCw9ou0aS16Sc0QKxzjg983NSyUv6JetJO_ZmCAd_xLRhTrpMw8Rv4H46OPFxIa6jTc8I9M9pQg8aQtCcu4iTQr2_1kXieRayIilNtjWI8&_guc_consent_skip=1597247939

https://it.finance.yahoo.com/notizie/azerbaigian-aliyev-presto-pronto-corridoio-meridionale-gas-e-113709996.html?guce_referrer=aHR0cHM6Ly93d3cuZ29vZ2xlLmNvbS8&guce_referrer_sig=AQAAAFzIL4BK9oPOub0nePtEur1RuPtlPwzfP9dl3Wu_7mgSE9YubHUjCb5s9WPlerrr9MuCw9ou0aS16Sc0QKxzjg983NSyUv6JetJO_ZmCAd_xLRhTrpMw8Rv4H46OPFxIa6jTc8I9M9pQg8aQtCcu4iTQr2_1kXieRayIilNtjWI8&_guc_consent_skip=1597247953

https://www.agenzianova.com/a/5f34127d726f55.10311320/3060450/2020-08-11/energia-presidente-azerbaigiano-aliyev-giacimento-shah-deniz-fornira-gas-per-minimo-altri-cento-anni

https://www.agenzianova.com/a/5f34128c3cb265.09443390/3060451/2020-08-11/energia-presidente-azerbaigiano-aliyev-giacimento-shah-deniz-fornira-gas-per-minimo-altri-cento-anni-2

https://www.agenzianova.com/a/5f34129b43b0f6.23341917/3060452/2020-08-11/energia-presidente-azerbaigiano-aliyev-giacimento-shah-deniz-fornira-gas-per-minimo-altri-cento-anni-3

https://www.agenzianova.com/a/5f3412a76e53c2.26420101/3060453/2020-08-11/energia-presidente-azerbaigiano-aliyev-giacimento-shah-deniz-fornira-gas-per-minimo-altri-cento-anni-4