Home Cəmiyyət Kafe və restoranlar fəaliyyətə başlayıb

Kafe və restoranlar fəaliyyətə başlayıb

599
0
SHARE

Bu gündən kafe və restoranlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib.

Trend-in məlumatına görə, ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bir sıra sahələrdə fəaliyyətlərin, o cümlədən ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin bərpa edilməsi haqda qərar qəbul edilib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.

Bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.

İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.

İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

Qərara əsasən fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdır.