Home Siyasət Azər Badamov: Yerli icra hakimiyyəti haqqında əsasnaməyə yenidən baxılmalıdır

Azər Badamov: Yerli icra hakimiyyəti haqqında əsasnaməyə yenidən baxılmalıdır

623
0
SHARE

Ölkədə başlamış geniş islahatlar prosesi iqtisadiyyatın hər bir sahəsini o cümlədən, dövlət idarə idarəçiliyi sistemini əhatə etməkdədir. İslahatların əsas məqsədi daha çevik idarəetmə sistemi və şəffaf iqtisadiyyatlı dövlətin qurulmasından ibarətdir. Şəffaf iqtisadiyyatın qurulması isitiqamətində aparılan islahatlar öz müsbət nəticələrini verməkdədir. Bu fikirləri tan.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirmişdir. Bu ilin 6 ayında dövlət büdcəsinə proqnozdan əlavə təkcə vergi və gömrük xidmətindən 397 milyon manat vəsaitin daxil olması təbii ki, şəffaf iqtisadiyyatın qurulması istiqamətində atılan addımların əyani göstəricisidir. Bununla yanaşı, dövlət xidmətlərinin təqdim olunmasında və idarə etmə sistemində vətəndaş məmnunluğunun əldə edilməsində atılan addımlar da öz müsbət nəticələrini verməkdə davam edir. Deputatın fikirlərinə görə ASAN xidməti və DOST mərkəzlərinin istifadəyə verilməsi və bütün ölkəni əhatə etməyə başlaması ölkədə təqdim olunan dövlət xidmətlərinin səviyyəsini yeni müstəviyə daxil etmişdir. Belə ki, bu sahələrdə təqdim olunan xidmətlər 99% vətəndaş məmnununluğuna gətirib çıxarmışdır. Qeyd etdiyimiz islahatlar prosesi yerli icra hakimiyyəti orqanlarını da əhatə etmişdir. Keçən ilin dekabrın 18-dən başlayaraq icra hakimiyyətlərində korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində aparılan təmizləmə işləri bu il də davam etmiş, bir çox orqanlarda korrupsiyaya qurşanmış məmurlar həbs edilməklə onların yerinə daha gənc və təmiz həyat yolu keçmiş dövlətə sədaqətli şəxslərin təyin olunması icra hakimiyyəti strukturlarında məsuliyyət hissini artırmışdır. Yəni, bəzi icra hakimiyyəti başçılarının yarıtmaz fəaliyyətini, özlərini xan kimi aparmasını, vətəndaşlardan uzaqda dayanmasını və onların korrupsiya əməlləri haqqında iradlarını cənab Prezident İlham Əliyev keçirdiyi müşavirələrdə və görüşlərdə dəfələrlə bildirmişdir. Cənab Prezidentin iradlarından və tapşırıqlarından nəticə çıxarda bilməyən icra başçıları tutduqları vəzifələrindən uzaqlaşdırılır və cəzalandırılırlar. Təbii ki, bu istiqamətdə atılmış addımlar da öz müsbət nəticəsini verməkdədir. Bu gün rayon icra hakimiyyətlərində i strukturuna yeni bir yanaşma ortaya qoyulmuşdur. Görünən odur ki, Rayon icra hakimiyyətlərinin başçıları dövlətin gördüyü tədbirlərdən nəticə çıxarmış, fəaliyyətlərini günün çağırışlarına uyğunlaşdırmağa başlamışlar. Əlbəttə ki, dövlət orqanlarında aparılmağa başlanmış təmizlənmə işləri bundan  sonra da davam etdirilməlidir. Biz ölkə başçısının qeyd etdiyi kimi şəfaf iqtisadiyyatı və vətəndaş məmnunluğu ilə təmin olunmuş dövlət qurmalıyıq. Düşünürəm ki, bundan sonra da həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanlarında təmizlənmə işləri davam etdiriləcəkdir. Çünki, bu kampaniya xarakterli deyil.

Onu da qeyd etmək istəyirəm ki, DTX, Baş Prokrurluq və DİN-nin əməkdaşlarının apardığı əməliyyatlar cəmiyyət tərəfindən də müsbət qarşılanır və alqışlanır. Məhz belə əməliyyatların davamlı şəkildə aparılması korrupsiyaya bulaşmış vəzifəli şəxslərin cəzalandırılması ilə nəticələnir və digər bu yönümlü vəzifə daşıyanlar da öz əyri əməllərindən çəkinir və vəzifələrinə daha məsuliyyətlə yanaşırlar. Son illər Rayon icra başçıları vətəndaşlar tərəfindən ən çox şikayət olunan qurumlara çevrilmişdir. Amma bu orqanlarda aparılan təmizlənmə işlərinin təsiri nəticəsində icra başçılarının vəzifəyə münasibətlərinin dəyişdiyini qeyd etmək istəyirəm. Düşünürəm ki, son vaxtlar yerli icra hakimiyyəti başçılarından Mərkəzi icra hakimiyyəti orqanlarına şikayətlərin sayında da kifayət qədər azalma baş vermişdir. Burada bir məsələni də qeyd etmək istəyirəm ki, Rayon icra hakimiyyəti başçılarının səlahiyyətləri də kifayət qədər azaldılmışdır. Rayonlarda yerləşən bütün dövlət idarələri demək olar ki, regionlaşdırılmış, yerli icra hakimiyyəti başçılarının birbaşa nəzarətindən çıxmışdır. Amma vətəndaşlar rayonda yerləşən hər hansı bir təşkilatdan narazı qaldıqda Rayon icra hakimiyyətinə üz tutur. Rayon icra başçısı səlahiyyəti çərçivəsində kömək göstərə bilməyəndə yenidən icra başçsı şikayət hədəfinə çevrilir. Biz deputatlar da seçicilərlə görüşlərimiz zamanı qaldırılan bir çox məsələləri İcra başçılarının köməyi ilə həll etməyə çalışırıq. Ona görə də düşünürəm ki, Rayon icra hakimiyyəti başçılarının əsasnaməsinə yenidən baxılmalı və icra başçıları vətəndaşların şikayətlərini yerində həll edə bilən orqana çevrilməlidir. Ümumilikdə götürdükdə ölkədə həyata keçirilən geniş spektrli islahatlar Azərbaycanın inkişafını sürətləndirir və bugünkü pandemiya şəraitlərində və dünyanın iqtisadi böhranla üzləşdiyi bir zamanda daha az itkilərlə çıxmağımıza imkan yaradır.