Home Cəmiyyət Azərbaycan tütünün ixracına başlayıb

Azərbaycan tütünün ixracına başlayıb

688
0
SHARE

Azərbaycanda bu il tütün istehsalında məhsuldarlıq yüksək olub.

Bunu Trend-ə açıqlamasında tütünçülüklə məşğul olan sahibkar İlqar Məmmədov deyib. Onun sözlərinə görə, bu il ötən illə müqayisədə məhsuldarlıq təxminən 1,5 dəfədən çox olub:

“Mən Qax rayonunda tütünçülüklə məşğulam. Bu il 120 hektar sahədə tütün əkmişik. Ötən il məhsuldarlıq nisbətən zəif oldu. Belə ki, ötən il hektara 12-13 ton yaş tütün yığmışıq. Bu il isə hektara minumum 20 ton tütün olub. Artıq yığılan tütünlər kameralara yığılıb və qurudulur. Yığımla bağlı heç bir problemimiz olmayıb. Pandemiya olmasına baxmayaraq sahibkarlara sahənin becərilməsi və yığıma lazımi şərait yaradılıb. Bəzi xırda problemlər istisna olmaqla, ümumilikdə pandemiya bu sahəyə təsir etməyib, proses normal həyata keçirilib”.

İ.Məmmədov bildirib ki, artıq yığılan tütünün xaricə ixracı da başlayıb: “Hazırda Rusiya bazarına ixrac edirik. İndiyə qədər 20 ton quru tütün ixrac etmişik. Proses davam edir. Quru tütün hazır olduqca ixrac edirik. İxrac üçün də lazımi imkanlar yaradılıb. İxrac üçün hələlik Ukraynadan cavab gözləyirik. Keçən il Rusiya, Ukrayna, Bolqarıstan və Belarusa ixrac edirdik. Pandemiya ilə əlaqədar Bolqarıstan hazırda sərhədləri bağladığından bu ölkədən sifariş yoxdur, Belarusda isə həmin ölkədəki məlum vəziyyətlə bağlı sifariş yoxdur. Amma Rusiya artıq bizim tütünü qəbul edir, yaxın vaxtlarda isə Ukraynadan sifariş qəbul edəcəyik”.

Sahibkar bildirir ki, hazırda xaricə “Virginiya” sortundan tütün ixrac edilir: “Bu sort ətirli tütündür və xarici istehsala yararlıdır. Yerli sortları sifariş vermədikləri üçün həmin tütün sortlarını əkmirik. Yerli tütünün keyfiyyəti “Virginiya” sortundan aşağıdır, ona görə də xarici tələbat əsasən “Virginiya” və “Samsun” sortlarınadır”.

İ.Məmmədov bildirib ki, hazırda tütün mövsümünün 3-cü yığımı gedir: “Tütünün 3 yığımı olur: 1-ci, 2-ci və 3-cü yığım. Artıq 3-cü yığımı həyata keçiririk. Yığım hava şəraitindən asılı olaraq oktyabrın ortaları və ya sonuna qədər davam edəcək”.