BBC televiziya kanalının “Hard Talk” verilişində Ermənistanın baş naziri ilə müsahibə zamanı aparıcı Stiven Sakur Nikol Paşinyana “Siz sülh adamı deyilsiniz” deməsi ilə, əslində dünyanın Paşinyana yönləndirməli olduğu sözü dedi.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Türkiyənin “24 TV” telekanalına müsahibəsində deyib.
Millət vəkili vurğulayıb ki, bu, dünya birliyi üçün bir çağırış olmalı, Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir.
S.Mikayılova Azərbaycan-Türkiyə münasibətlərinə də toxunaraq bildirib ki, iki ölkə arasında mövcud olan qardaşlıq, tərəfdaşlıq, bütün sahələrdə yüksək səviyyəli münasibətlər regiona sülh gətirir, təhlükəsizliyi təmin edir. Belə ki, Türkiyə regionda reallaşdırılan bir sıra iri layihələrdə iştirak edir, yeni tərəfdaşlıq formatlarının yaradılmasında çıxış edir. Ermənistan isə öz siyasəti ilə regionda sülhə, böyük layihələrə təhdiddir. Millət vəkili əlavə edib ki, bu baxımdan Dağlıq Qarabağ münaqişəsinə tək regional deyil, geniş miqyasda münaqişə kimi yanaşılmalıdır.