Home Cəmiyyət İspaniya mediasında Azərbaycandan bəhs edilib

İspaniya mediasında Azərbaycandan bəhs edilib

710
0
SHARE

İspaniyanın “LA ÚLTIMA” qəzetində ölkəmizə həsr olunmuş “Azərbaycanda nəinki biznes üçün, hər kəsin böyük imkanları var” başlıqlı müsahibə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev qəzetə müsahibəsində ermənilərin Dağlıq Qarabağı işğal etməsini sərt şəkildə pisləyib. O, bildirib ki, Azərbaycan bir daha belə hərbi təcavüzlərin baş verməsinə yol verməyəcək.

Azərbaycan torpaqlarının 20 faizinin uzun illərdir Ermənistanın işğalı altında saxlanıldığına diqqəti cəlb edən ACAE prezidenti qeyd edib ki, bu təcavüzkar ölkə beynəlxalq təşkilatların torpaqlarımızın dərhal və qeyd-şərtsiz azad olunmasına dair qərar və qətnamələrinə məhəl qoymur. “Əksinə, işğal olunmuş və sərhədyanı bölgələrdən Azərbaycanı atəşə tuturlar və bu da nəinki hərbçilərin, hətta mülki insanların həlak olmasına səbəb olur”.

Buna misal olaraq Ermənistanın iyul təxribatlarını xatırladan F.Mustafayev qeyd edib ki, sülhsevər Azərbaycan hər an bu işğalçı ölkənin hərbi təxribatları və terroru ilə üzləşə bilər.

O, bildirib ki, Avropa Birliyi və bu birliyin üzvü olan İspaniya hər bir ölkənin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq prinsipinə hörmətlə yanaşır: “Bütün demokratik və inkşaf etmiş ölkələr bunu gözəl bilir və bu prinsipi dəstəkləyir”.

ACEA sədri deyib ki, pandemiya ilə mübarizədə Azərbaycan koronavirusa qalib gəlmək üçün bütün zəruri addımları atıb: “…Və belə də davam edir. Yeni modul xəstəxanaların quraşdırılması, yeni tənəffüs aparatlarının alınması və sair tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilir. Hazırda Azərbaycanda virusa yoluxanların sayı xeyli azalıb”.

O, qeyd edib ki, çox qədim tarixə, ənənələrə, güclü iqtisadiyyata, turizm sahəsində böyük imkanlara malik olan Azərbaycan xarici sərmayənin qoyulması üçün münbit ölkədir və bir çox böyük şirkətlər uzun illərdir burada fəaliyyət göstərir. “Mən əminəm ki, ispanlar və ya avropalılar üçün Azərbaycan tarixi-memarlıq abidələri, əsrarəngiz təbiəti və mətbəxi ilə maraqlı ölkədir. ACAE olaraq biz Azərbaycanda turizmin inkişafı üçün ardıcıl tədbirlər görməkdəyik”, – deyə F.Mustafayev bildirib.