Home Cəmiyyət Komitə: İraqdan gətirilən 125 uşaq təhsilə cəlb olunub

Komitə: İraqdan gətirilən 125 uşaq təhsilə cəlb olunub

534
0
SHARE

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İraq Respublikasından 2018-2020-ci illərdə Azərbaycan Respublikasına repatriasiya edilən, ölkə vətəndaşı olan uşaqların pandemiya dövründə təhsilə cəlb edilməsi, uşaqlar və onların qəyyum ailələri ilə məsafədən psixoloji, hüquqi və sosial işin aparılması istiqamətində fəaliyyətini davam etdirir.

Komitədən Trend-ə verilən məlumata görə, cari ildə ölkəyə gətirilən uşaqların təhsilə cəlb olunması prosesi Komitə, Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin birgə səyi nəticəsində həyata keçirilir.

Bu il repatriasiya edilmiş 5-14 yaşarası uşaqlardan 125 nəfəri baza bilik səviyyəsinə uyğun olaraq, 5 səviyyə üzrə (məktəb hazırlığı, 1-ci, 2-ci, 3-cü və 4-cü sinif) tədrisə başlamışdır. Hər bir qrupda 5-6 uşaq olmaqla 24 qrupda qruplaşdırılan uşaqlar üçün həftədə 3 dəfə, hər biri 3 saatlıq onlayn dərs keçirilir. Dərs proqramına əsasən, Azərbaycan dili, riyaziyyat fənləri tədris olunur, ümumi dünyagörüşü ilə bağlı məlumatlar verilir. Tədris ilinin əvvəlində uşaqların bilik səviyyəsinin yenidən qiymətləndirilməsi və yaşlarına uyğun ümumi siniflərə yerləşdirilməsi nəzərdə tutulur. Uşaqların həmyaşıdları ilə bir sinifdə təhsil alması onların psixo-emosional inkişafı, sosiallaşma prosesinə mühüm təsir göstərdiyi üçün təhsil formasının seçilməsində bu amillərə də diqqət yetiilir.