Home Cəmiyyət Mətin Eynullayev yeni vəzifəsini ictimai əsaslarla həyata keçirəcək

Mətin Eynullayev yeni vəzifəsini ictimai əsaslarla həyata keçirəcək

653
0
SHARE

Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2020-ci il tarixli Sərəncamı ilə Mətin Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin olunub.

Mətin Eynullayev bu vəzifəni ictimai əsaslarla həyata keçirəcək. O, hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini-rəis vəzifəsinin icraçısıdır və bu vəzifədə fəaliyyətini davam etdirəcək.

Trend-in məlumatına görə, Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə görə, Holdinqin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

İdarə Heyəti 5 üzvdən – sədrdən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvlərindən biri, eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqinin idarə edilməsinə məsul olan Baş icraçı direktordur. İdarə Heyətinin digər üzvlərini, o cümlədən Baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edir. Baş icraçı direktor Holdinqin cari fəaliyyətinə rəhbərlik edir.

Məlumat üçün qeyd edək ki, dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb və Nizamnaməsi təsdiq edilib.

Dövlət başçısının 12 avqust 2020-ci tarixli Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edilib və Azərbaycan Respublikasının Baş Naziri Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, İqtisadiyyat və Maliyyə nazirləri Şuranın üzvləridir.