Home Siyasət İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi virtual forum keçirib

İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi virtual forum keçirib

476
0
SHARE

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) “Pandemiya dövründə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında birgəyaşayışın və tolerantlığın gücləndirilməsi yolları” mövzusunda virtual forum keçirib.

Trend-in məlumatına görə, forumda 50-yə yaxın ölkənin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, rəsmi şəxslər, diplomatlar iştirak ediblər.

İslam Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa tədbirdə rəhbərlik etdiyi təşkilatın pandemiya dövründə birgəyaşayışın və tolerantlığın gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. O, həmçinin islamofobiyaya, dini radikalizmə və ekstremizmə qarşı mübarizənin gücləndirilməsinin, milli-mənəvi, dini, multikultural dəyərlərə hörmətlə yanaşılmasının önəmini vurğulayıb.

Müzakirələrlə davam edən forumda çıxış edənlər ölkələrində pandemiya dövründə multikulturalizmin, tolerantlığın və dini dözümlülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıblar.

Virtual forumda çıxış edən UNA-nın İcraiyyə Şurasının üzvü, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycanın tolerantlıq nümunəsinin, birgəyaşayış dəyərlərinin dünyada təbliği üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə təşkil olunmuş beynəlxalq tədbirlərin, forumların əhəmiyyətindən bəhs edib. A.Aslanov bildirib ki, pandemiya səbəbindən ənənəvi tədbirlər təxirə salınsa da, insanlar virtual imkanlardan istifadə edərək forumlar keçirir və fikirlərini, təcrübələrini bölüşürlər. Qlobal böhran insanların qarşılıqlı həmrəyliyini, dostluğunu zəiflədə bilməyib, əksinə onu müvəqqəti olaraq ənənəvi ifadə formasından virtual aləmə daşıyıb. İnanırıq ki, bəşəriyyət birgə səylərlə bu bəladan da alnıaçıq çıxacaq.