Home Manşet Şəbnəm Həsənova: Ermənistan iqtisadiyyatı defolt həddindədir

Şəbnəm Həsənova: Ermənistan iqtisadiyyatı defolt həddindədir

677
0
SHARE

Ermənistan iqtisadiyyatına nəzər yetirdiyimiz zaman istər rəsmi hesabatlarda, istərsə də beynəlxalq hesabatlarda Ermənistanın xarici borcunun artdığı yazılır. Elə Vahid Ermənistan partiyasının həmtəsisçisi Artur Kazinyan bildirib ki, Ermənistanın xarici borcu 8 milyard dollara çatıb. Ümumiyyətlə, Paşinyanın rəhbərlik etdiyi hökumət təkcə iyul ayında 221 milyon dollarlıq öhdəlik götürüb.

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

O bildirib ki, Ermənistanda işsizliyin də əsas sosial problemlərdən biri olduğu vurğulanır:

“Bu problem də Ermənistanı tərk edənlərin sayında olan artımda özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir. On minlərlə erməni gənci ölkəni tərk edərək xarici ölkələrə mühacirət edir. 1991-ci ildən bəri təxminən 1,5 milyon insanın Ermənistanı tərk etdiyi bildirilir.

Bundan əlavə Ermənistanda yoxsulluq həddinin 50 faizə yaxınlaşdığı və bu göstəricinin də Cənubi Qafqaz ölkələri arasında ən yüksək rəqəm olduğu da deyilir. Ermənistanın dövlət börcu ÜDM-in 50 faizini ötür. Dünyada nüfuzlu Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsi (PDMN) Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsi barədə də material paylaşmışdı. 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48%-dən 54%-ə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40%-dən 42%-dək artıb. Bu isə əyani şəkildə onu göstərir ki, Ermənistan iqtisadiyyatı defolt həddindədir. Bir sözlə, ölkədə xarici borc asılılığı artır, yoxsulluq dərinləşir, insanlar iş tapa bilmir. Bu isə Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşamasından xəbər verir”.

Politoloqun fikrincə Ermənistan xirtdəyə qədər borc bataqlığındadır.

“Paşinyanın atdığı qeyri-müəyyən addımlar hazırki iqtidarın istər siyasi, istər iqtisadi, istərsə də hərbi konsepsiyasının yoxluğundan xəbər verir. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı həm də logistik nəqliyyatdan asılıdır o zaman aydın şəkildə görmək olur ki, Ermənistanın İran və Gürcüstan ərazisindən keçməklə digər nəqliyyat vasitəsi yoxdur ki, ölkəni lazımi vasitələrlə təmin etsin. Bu isə ondan xəbər verir ki, bütün regional və beynəlxalq layihələrdən Azərbaycan tərəfindən bilərəkdən təcrid olunan Ermənistanın sonu uzaqda deyil.

Ermənistan iqtisadiyyatı o qədər tənəzzül bir vəziyyətdədir ki, bu, çox acınacaqlı nəticələr verə bilər. Buna görə də xarici borcların artması ilə yanaşı, həm də sosial yönümlü sərmayələr də həddən artıq azalacaqdır. Belə ki, Rusiya və Ermənistan arasındakı soyuq münasibətlər buna təsir edərək vəziyyəti daha da kəskin vəziyyətə gətirir. Ermənistanda hakimiyyətin sifarişi ilə anti-Rusiya çağırışları güclənir. Paşinyan yenə də “olmaz” deyilən qırmızı xətti keçir və indi rəsmi Moskva anti-rus siyasəti aydın şəkildə görür ki bu da Kremldə böyük narahatlıq doğurur. Əgər əvvəllər Rusiyanın inhisarında olan iqtisadi qurumlar işləyirdisə, indi demək olar ki, onlar da işləmir. Həmçinin parlamentdə təmsil olunan biznesmenlər də ölkəni tərk edirlər. Bütün bu amillərə görə Ermənistanda acınacaqlı vəziyyətin yaranması istisna olunmur”