Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə sayğısız yanaşa bilməz. Azərbaycanda heç kim qanunlardan yüksəkdə dayanmır və ölkəmizdə qanunun aliliyinin qarantı Azərbaycan Prezidenti, onun ali iradəsidir.
Bu sözləri Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Azər Kərimli deyib. Azər Kərimli qeyd edib ki, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin və onun qudası Rövşən Mustafayevin xüsusi karantin rejiminin qaydalarını kobud şəkildə pozaraq, övladlarına toy şənliyi təşkil etmələrinə nə hüquqi, nə də mənəvi baxımdan haqq qazandırmaq olmaz: “Vaxtilə yüksək dövlət vəzifələrində, parlamentdə təmsil olunan şəxslər, əslində öz hərəkətləri və qanunların aliliyinə sayğı göstərməklə başqalarına nümunə olmalı, daha məsuliyyətli davranmalıdırlar. Amma təəssüf ki, cəmiyyətin kəskin qınağına səbəb olan toy mərasiminin təşkili bunun əksini sübuta yetirir”.
Millət vəkili qeyd edib ki, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə sayğısız yanaşa bilməz:
“Bu günədək belə şəxslərin məsuliyyə cəlb edilməsi ilə bağlı çoxsaylı faktların şahidi olmuşuq. Abşeron rayon Məhkəməsinin son qərarı da sübuta yetirir ki, bizim ölkəmizdə hər kəs qanun qarşısında bərabərdir və qanunların aliliyinin qorunması Azərbaycan dövləti üçün prioritet təşkil edir”. Millət vəkili bildirib ki, vətəndaşların sağlamlığının qorunması Azərbaycan Prezidenti və dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edir.
Xüsusi karantin rejiminin tətbiqi, kütləvi tədbirlərin, o cümlədən toy şənliklərinin keçirilməsinin qarşısının alınmasının da başlıca məqsədi Azərbaycanm vətəndaşlarının sağlamlıqlarının qorunması, ölümcül COVİD-19 virusuna yoluxma hallarının qarşısının alınmmasıdır:
“Bu səbəbdən də koronavirusla mübarizə ümummilli məsələ kimi dəyərləndirilir və təbii ki, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər vura bilməz. Əks təqdirdə qanun qarşısında cavab verməli olacaq”.