Azərbaycanın Ermənistanın təcavüzündən əziyyət çəkdiyi heç kimə sirr deyil. Artıq dünya ictimaiyyəti də görür ki, işğalçı Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozur, illərdir azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təbii ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. Bununla bağlı 1993- cü ildə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilib. Lakin Ermənistan beynəlxalq hüquq normalarını heçə sayaraq işğalçılıq siyasətinə son qoymur, əksinə, ələ keçirdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti həyata keçirir. Təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərdən çıxmaq istəməməsi, Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayonu işğal altında saxlaması regionda təhlükəsizliyə böyük təhdiddir.
Bu fikirləri Trend-ə açıqlamasında deputat Naqif Həmzəyev bildirib. Milli Məclisin üzvünün sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri hər gün atəşkəs rejimini pozur, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən ölkəmizin müxtəlif istiqamətlərini atəşə tuturlar. Bir tərəfdən də ATƏT-in Minsk qrupunun üzvü Rusiya Ermənistana silah verməkdə davam edir. Torpaqlarımıza göz tikən işğalçı Ermənistan Rusiyadan aldığı silahlar hesabına regionda sülhün yaranmasına, təhlükəsizliyin möhkəmlənməsinə ciddi maneə yaradır. Digər tərəfdən isə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində deyir ki, Rusiya ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların mümkün qədər tez bərpa olunması üzərində işləyir.
Naqif Həmzəyev vurğulayıb ki, ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu müddət ərzində iki ölkənin xarici işlər orqanlarının rəhbərliyi ilə birbaşa təmasda olub: “Nəticədə Rusiyanin fəal vasitəçiliyi ilə, ilk cəhdən olmasa da, 16 iyul tarixindən atəşkəs əldə edilib”-deyən Sergey Lavrovun mövqeyi tamamilə aydındır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan Ermənistanla Rusiya arasında müttəfiqlik sazişinin olduğunu, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının fonunda Rusiya Xarici İşlər Nazirliyinin münaqişənin həlli üçün fəal vasitəçilik səyləri göstərməsi inandırıcı gəlmir.