Home Cəmiyyət Vəzifəsindən asılı olmayaraq hər bir şəxs atdığı addımlar vasitəsi ilə vətəndaşda narazılıq...

Vəzifəsindən asılı olmayaraq hər bir şəxs atdığı addımlar vasitəsi ilə vətəndaşda narazılıq yaratmalı deyil

581
0
SHARE

“Koronavirus pandemiyası dünyanı öz ağuşuna aldığı andan Azərbaycan dövləti əlində olan bütün imkanları səfərbər edərək, bilavasitə vətəndaşlarının sağlamlığının və sosial həyatlarının qorunması, mühafizə edilməsi yönündə təxirəsalınmaz addımlar atdı və bu məsələ daim cənab Prezident İlham Əliyevin diqqəti mərkəzində saxlanıldı, bu gün də saxlanılmaqdadır”.

Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bir neçə gün əvvəl Ramiz Mehdiyevin karantin rejimi şəraitində qəbul edilmiş qanunları pozaraq, nəvəsinə toy etməsini və bu olayın ictimai rəydə kəksin narazılıq yaratmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq beş aydan çoxdur ki, tətbiq edilən karantin rejiminin əsas məramı və məqsədi həm də onu ehtiva edir ki, insanlar vəzifəsindən, sosial təbəqəsindən və s. amillərdən asılı olmayaraq qəbul olunmuş qanunlara birmənalı şəkildə riayət etməli, özünün və ətrafının sağlamlığını qoruması üçün dövlətin apardığı siyasətə dəstəyini göstərməlidir: “Prezident İlham Əliyev bu günə qədər dəfələrlə həmin ətrafdakı çıxışlarını edərkən vurğulayıb ki, heç kim vəzifəsinə, ranqına görə, qanun qarşısında bir-birindən üstün deyil. Məhz dövlətimizin başçısı müxtəlif tədbirlərdə açılış mərasimlərində pandemiyanın tələb etdiyi şərtlərə əməl etməklə xalqa örnək, nümunə göstərib. O, bununla hər birimizə mesaj göndərib ki, qanun bütün məqamlarda şahdır. Bəli, çətindir və bu çətinlik yalnız bizdə deyil, bütün dünyada mövcuddur. Ancaq bütün bu müvəqqəti çətinliklərə rəğmən, ölkəmizdə köklü islahatlar davam etdirilir, hətta sosial layihələrin icrası təxirə salınmayaraq, daha geniş müstəvidə aparılır. Biz bu barədə kifayət qədər danışmışıq, fikirlərimizi açıqlamışıq. Dövlətin, hakimiyyətin məqsədi birdir – xalqa dayaq olmaq və xalqın maraqlarına cavab verən siyasəti davam etdirmək”.

“Söz yox ki, Azərbaycan hüquqi dövlətdir və hüquq faktoru koronavirus pandemiyasının davam etdiyi bir zamanda da öz rolunu almışdır. Bildiyimiz kimi, bir sıra kütləvi tədbirlər, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi də qanunla qadağan olunub”, xatırladan Bəhruz Quliyev onu deyib ki, bildiyimiz kimi, hüquq-mühafizə orqanlarının səyi və fəaliyyəti nəticəsində ölkəmizin müxtəlif bölgələrində, eləcə də paytaxtda karantin rejimini pozan vətəndaşlar qanunamüvafiq şəkildə cəzalandırılıblar: “Lakin göründüyü kimi, özlərini vəzifəcə üstün sayan, hətta yumşaq desək, “nə istəsəm edərəm” düşüncəsi ilə yaşayan bir sıra məmurlar hüquq aliliyini bir kənara qoyaraq, açıq-aşkar şəkildə qanunları nəinki pozublar, həm də hörmətsizlik göstəriblər. Barəsində bəhs etdiyimiz toy mərasimi də bu sıradandır. Sual olunur: məgər Ramiz Mehdiyev Azərbaycan vətəndaşı deyilmi? Yaxud, o da bu ölkənin vətəndaşıdırsa, hansı fövqəl rütbəsinə görə özünü xalqdan üstün hesab edir? Əgər Prezident İlham Əliyev özünü xalqın bir nömrəli xidmətçisi olaraq təqdim edirsə, Ramiz Mehdiyev və başqaları qanunları pozmaqla bu ali xidməti hansı məqsədlə və hansı haqla kölgə altına salmağa cəhd göstəriblər? Xalq, ictimai rəy qanunsuz qaydada baş tutmuş toy mərasimindən sonra daxilindəki hiddətini, narazılığını haqlı olaraq öz gizlədə bilmədi və yenə də əsaslı sual etdi ki, yerlərdə kiçik şadlıq, yaxud yas mərasimləri keçirən vətəndaşlar cərimələnirlərsə, müvafiq cəzalara layiq görülürlərsə, bəs onda məmurlar hansı səbəblərə görə qanundan kənarda qalırlar? Bax, bu məqamda, bu əsnada dövlət başçısının sözügedən məsələyə göstərdiyi sərt reaksiyası və məhkəmənin çıxardığı məlum qərar sübut etdi ki, Azərbaycanda Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, ali, sarsılmaz iradəsi və ən vacibi, xalqının yanında dayanması, xalqına arxalanması, xalqının isə Ona olan əsaslı etimadı mövcuddur. Bu həqiqət, bu gerçəklik özünü sözügedən məsələdə kifayət qədər isbat etdi”.

“Deyərdim ki, bu addım da ölkəmizdə aparılan islahatların tərkib hissəsidir və ümidvarıq ki, mövcud məsələ bundan sonra özünü bütün sahələrdə əks etdirəcək, məmurların özlərini xalq qarşısında üstün tutmaları kimi xoş təsir bağışlamayan ənənələrinə birdəfəlik son qoyulacaq. Hər bir məmur anlamalıdır ki, ranqından, vəzifəsindən asılı olmayaraq, öz fəaliyyəti, atdığı addımları vasitəsi ilə vətəndaşda narazılıq yaratmalı deyil, əksinə, vətəndaşa örnək olmalıdır, əlbəttə ki, qanunlara əməl etməklə”.