Home Manşet Musa Quliyev: Ən gözəl tərbiyə şəxsi nümunədir…

Musa Quliyev: Ən gözəl tərbiyə şəxsi nümunədir…

720
0
SHARE
Yekə-yekə xırdalanan addılar…
Dünəndən bir xəbər elektron KİV-lərdə və sosial şəbəkələrdə bomba kimi partladı: akademik Ramiz Mehdiyev bağ evində nəvəsinə dəbdəbəli toy mərasimi keçirib, toyda bir çox tanınmış və vəzifəli şəxslər də iştirak ediblər. Əvvəl bu xəbərə inanmadım, hörmətli akademikə böhtan atırlar, – deyə düşündüm. Ramiz müəllim də, adı çəkilən toy iştirakçıları da ağıllı, savadlı, dünya görüşlü, təcrübəli adamlardır, onlar qanunları pozmazlar, pandemiya, karantin şəraitində qadağan olunmuş tədbir keçirməzlər və iştirak etməzlər. Amma sosial şəbəkələrdə paylaşılan videogörüntüləri izlədikdən sonra bu insanlara son ümidlərim də tərkisilah oldu.
Ölkənin tanınmış şəxslərinin qanun-qaydaya bu qədər etinasız davranışını müşahidə etmək, əlbəttə, çox üzücüdür və bu hadisəyə görə ictimaiyyətin bizi nə qədər desən qınamağa haqqı vardır. Qədim filosoflardan birinin dediyi kimi, ən gözəl tərbiyə şəxsi nümunədir. Əgər ölkənin Milli Akademiyasının Prezidenti, Milli Məclisin Komitə sədri, Ombudsman, uzun illər respublikanın bir nömrəli universitetinə başçılıq etmiş akademik…. bu cür nümunə göstərirsə, onda böyük şairimiz demişkən:-“xəncər qapan ağlı çaşa nə deyək”?
İctimaiyyət haqlı olaraq bu toy mərasimini qınayır və izahat, üzr tələb edir. Bu davranışı təkcə qanunu pozmaq deyil, həm də bir meydan oxumaq kimi dəyərləndirənlərin də mövqeyində həqiqət payı var.
Amma hər kəs əmin olsun ki, hər bir fəaliyyət adekvat cavabını alacaqdır. Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi hər kəsə bəllidir. Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hər kəs bərabərdir. Əlbəttə qınanılası və eyni zamanda ibrət götürüləsi xoş olmayan hadisədir. Məncə, istər qanuna rəğmən, toy edənlər də, istərsə də qanunu pozaraq o mərasimə qatılanlar da cəzalarını almalıdır və alacaqdır. Əgər bu qanunsuzluğu bir kənddə yaşayan fermer, yaxud, orta səviyyəli bir iş adamı etsə idi və səhvinə görə utanıb üzr istəsə idi, bəlkə də sıradan bir qanun pozuntusudur, deyib üstündən keçmək olardı. Amma və lakin….Cəmiyyətdə tanınan, dövlətdə vəzifə tutan adamların qanunla yanaşı, cəmiyyət qarşısında sosial məsuliyyət yükü və öhdəliyi də vardır. Və bu kateqoriya insanların davranışı, həm də bir nümunədir: yaxşı, ya pis.
Cəmiyyətə, dövlətə, qanunlara meydan oxumaq olmaz və bu davranışın bədəli ağır olur.
Abel Məhərrəmovla biz yaxın olmasaq da, uzun illərin tanışıyıq. Həm Yeni Azərbaycan Partiyasında, həm də müəyyən dövr Milli Məclisdə bir yerdə fəaliyyət göstərmişik. Münasibətimiz də qarşılıqlı hörmət səviyyəsində olub həmişə. Açığı Abel müəllimi mən o tədbirdə və o vəziyyətdə görmək istəməzdim. Amma kişi ən doğru etirafı da o mərasimdə edir: “Biz, heç, biz xırda adamlarıq, Ramiz müəllim!”
Səyavuş Novruzovun tez- tez işlətdiyi bir ibarə ilə desək,-“zəlzələdən- ya vəlvələdən”-… bu hadisə baş veribsə, heç olmasa sonrakı davranışlar gərək adekvat olardı. Ən azı ölkə başçısından və cəmiyyətdən üzr istənilməli idi. Biz nəyi gördük. Gəlinin atası, sabiq deputat bir oğru jarqonu ilə “o videoda tarix yoxdur, heç kəs bizə heç nəyi sübut eləyə bilməz”-, söyləyir. Deputat həmkarımız Siyavuş Novryzov isə,-” toya getmişəm, düz eləmişəm”-, deyərək karantin qaydalarını müəyyən edən qanunlara da səs verdiyini belə unudur. Yadımdadır ki, karantin qaydalarını pozmağa görə cərimələrin məbləği müzakirə edilərkən bir neçə deputat həmkarımla yanaşı, mən də cərimə məbləğinin az qazanclı şəxslərin imkanlarını nəzərə alaraq nisbətən aşağı həddə müəyyən edilməsini təklif edərkən, Səyavuş müəllim bizim təklifin əleyhinə çıxmış və cərimə məbləğinin daha da yuxarı həddə müəyyən edilməsini təklif etmişdi. Və mövqeyində tamami ilə haqlı idi. Cərimənin yuxarı həddə olması profilaktik məqsəd daşıyırdı. Heç şübhəsiz ki, söhbət gedən toy sahiblərinin də, o toyun Abel müəllim demişkən, “xırda” qonaqlarının da müəyyən olunmuş məbləğdən yüzlərlə qat artıq cərimə ödəməyə maddi imkanları vardır. Buna sözüm yoxdur, sözüm ondadır ki, cəmiyyətə və ölkə qanunlarına qarşı hörmətsiz və ədəbsiz davranışa görə cəza çəkməyə bu şəxslər hazırdırmı? Bu günahın bədəlini ödəməyə mənəvi imkanları yetəcəkmi?
Böyük Mövlanə Cəlaləddin Ruminin məşhur bir kəlamı var:- Ya göründüyün kimi ol, ya olduğun kimi görün!
Səmimi olmalıyıq. Bəzən söyləyirlər ki, siyasətdə səmimiyyət yoxdur, mən bu fikirlə razı deyiləm. Səmimiyyət hər yerdə olmalıdır. Xidmətə görə mükafat ala bildiyimiz kimi günaha görə cəza almağı da bacarmalıyıq. Və hər birimiz layiq olduğumuz yerdə oturmalıyıq.
Hesab edirəm ki, o toyda iştirak edən bütün vəzifəli şəxslərin adları içtimaiyyətə açıqlanmalıdır, onların hər birinin davranışı ən azı, mənsub olduğu kollektivdə müzakirə olunmalı və qınanılmalıdır.
Çox təəssüf ki, adları bizə məlum olan şəxslər həm də YAP – ın rəhbərliyində təmsil olunan şəxslərdir. Partiyanın Siyasi Şurasının, yaxud İdarə Heyətinin müvafiq tədbir görəcəyinə də ümid edirəm.
Çox təəssüf ki, bu ili koronavirusun diqtə etdiyi şərtlər altında keçirməli olacağıq. Dünya ölkələrinin təcrübəsi də göstərdi ki, bu şərtlərə əməl edilmədikdə xəstəlik yenidən alovlanır, yayılır, yoluxma və ölüm halları artır. Ölkəmizdə də bir balaca karantin rejimini yumşaldan kimi, virusa yoluxma hallarının artmasını müşahidə edirik. Bir dəfəlik anlamalıyıq ki, vaksin tapılıb tətbiq olunana qədər, virus özü bizə yaşam şərtlərini diqtə edəcəkdir.
Bu barədə cənab Prezident xalqa özünün əmənəvi Novruz müraciətində çox doğru olaraq qeyd edirdi:
“Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir.”
Milli təhlükəsizliyimiz naminə hər birimiz bütün eqolarımızdan yüksəkdə durmağı bacarmalıyıq. Hər birimiz qanun qaşısında, eləcə də ictimai, sosial məsuliyyətimizi dərk etməli və pandemiya ilə mübarizədə dövlətimizə dəstək verməliyik, cənab Prezidentin yanında olmalıyıq. Nöqsanları vaxtında düzəltməli, təxribatların qarşısını zamanında almalıyıq ki, toydan sonra nağara olmasın.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev