Azərbaycanda son 2-3 gün ərzində müəyyən dairələrdə, xüsusilə də Azərbaycanda yüksək vəzifəli məmur kimi, Azərbaycan dövlətində fəaliyyət göstərmiş insanların, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin öz nəvəsinə toy etməsi açıq və aydın şəkildə, bizə elə gəlir ki, bilərəkdən Azərbaycanın qəbul etmiş olduğu COVID-19 virusuna qarşı mübarizə çərçivəsində qanunların pozulması deməkdir. Çünki mən inanmıram ki, hər hansı bir dövlət məmuru bu qanunların mövcudiyyətindən və yaxud da qanunların hansısa formada realizə edilməsindən xəbəri olmasın”.
Bu sözləri Millət vəkili Ramil Həsən deyib.
Deputat eyni zamanda qeyd edib ki, hətta sizinlə bir məqamı da bölüşmək istəyirəm:
“Bilirsiniz ki, Milli Məclisdə COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qanun qəbul edildi. Qanunun qəbulunda qoyulmuş maddələrdən, müddəalardan biri də odur ki, normal sıravi vətəndaşlar əgər karantin qaydalarını pozarsa 100 manat cərimə olunduğu təqdirdə, hüquqi şəxlər 200 və ya 400 manat cərimələnəcəklər. Yəni hüquqi şəxlər müxtəlif prinsiplər əsasında daha yüksək cəzalandırılacaqlar. Bu o deməkdir ki, fəaliyyət göstərən dövlət məmurları sıravi vətəndaşlardan daha çox məsuliyyət hissinə sahib olmalıdırlar. Və bu da digər vətəndaşlarımız üçün xüsusi örnək və əhəmiyyət kəsb etməkdədir”.
Millət vəkili bildirdi ki, dəfələrlə bununla bağlı fikirlərimizi bildirmişik.
“Ona görə də toy mərasiminin keçirilməsi, eyni zamanda Ramiz Mehdiyevin nəvəsilə bağlı keçirilən toy mərasimi də açıq və aydın şəkildə karantin qaydalarını pozmaq və karantin qaydalarına riayət etməməklə üst-üstə düşən konkret bir addımdır. Dövlətimizin müvafiq hüquq-mühafizə orqanları bununla bağlı çox doğru, düzgün və obyektivlik nümayiş etdirərək karantin qaydalarını pozan şəxslər haqqında və bu prosesi bilavasitə həyata keçirən şəxslər haqqında müvafiq tədbirlər görmüş və bu tədbirlərlə bağlı qərarlar həm məhkəmə, həm də polis orqanları tərəfindən, onların üzərinə düşən qanun çərçivəsində addımlar atılmışdır”.
Ramil Həsən vurğulayıb ki, ümumiyyətlə digər məmurlar, digər vətənlarımız üçün də açıq və aydın şəkildə siqnal olmalıdır.
“Yəni hər kəs açıq şəkildə başa düşməlidir ki, dövlətin qəbul etmiş olduğu qərarlar, Milli Məclisin qəbul etmiş olduğu qanunlar icra edilmək üçündür. Çeynənilmək və tapdalanmaq üçün deyil. Hər kəs qanun qarşısında cavabdehdir və eyni hüquqlara sahibdir. Əlbəttə ki, Azərbaycan hüquq dövlətidir. Demokratik prinsiplər çərçivəsində insanlar hüquq və azadlıqlarını, fikirlərini azad ifadə edirlər, amma eyni zamanda da qanuna qəti şəkildə riayət etməlidirlər. Demokratiya özü qanunların aliliyidir.
Əgər biz bu bəladan bir an öncə qurtulmaq istəyiriksə, bütün məmurlarımız, o cümlədən Azərbaycanda 25 ildən çoxdövlətin idarə edilməsi strukturlarında ən yüksək vəzifədə oturmuş şəxsin özünün və ailə üzvləri bu qərarlara ciddi riayət etməli və digərlərinə örnək olmalı idilər. Təəssüf ki, toy mərasimi ilə bağlı bunun şahidi ola bilmədik. Və Azərbaycan dövləti dövlət olaraq sübut etdi ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəs cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qanun qarşısında bərabərdir, qanun qarşısında eyni hüquqlara malikdir və haqq-ədalət hər zaman yerini tapmışdır. Əgər səhv varsa cavabını alacaq, yaxşı işlər görülürsə onun da qarşılığını alacaq”.
Dövlət başçımızın bilavasitə rəhbərliyi altında həyata keçirirlən və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə dəstəkləyib, sahib çıxdığı vətəndaşlarımızın təhlükəsizliyinin və sağlamlığının qorunması, müdafiə edilməsilə bağlı dövlətin qəbul etmiş olduğu bütün qərarlara, qabaqlayıcı tədbirlərə və qanunlara ciddi riayət etsinlər:
“Sağlamlığımızın daha da güclü və qüvvətli olması, prosesin rahat davam edib pandemiyadan tez bir zamanda çıxmaq üçün sadəcə dövlətdən yox, eyni zamanda kimliyindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarından, o cümlədən bizdən asılıdır. Bu istiqamətdə hər birimizi dövlətimiz və qanunlarımız qarşısında sadiqcəsinə qanunlara riayət etməyə çağırıram və hər birinizə sağlamlıq diləyirəm”.