Home Manşet Ramin Məmmədov: Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hamı bərabərdir

Ramin Məmmədov: Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hamı bərabərdir

692
0
SHARE

Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hamı bərabərdir. Sosial statusu, tutduğu vəzifə, göstərdiyi xidmətlər heç kimə qanunun tələblərindən yan keçmək imtiyazı vermir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib. O, qeyd edib ki, Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında qanunun tələblərinə hər kəsin əməl etməsinin zəruriliyini vurğulayıb: “Qanun qarşısında bərabərlik dövlətdə davamlı sabitliyin, cəmiyyətin bütün təbəqələrindən olan vətəndaşların maraq və mənafelərini müdafiə etməyə qadir mükəmməl idarəçilik mexanizminin yaradılmasının fundamental prinsiplərindən biridir. Bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Çünki qanunlar və onların icrasına məsul dövlət qurumlarının kifayət qədər dəqiq, operativ işləyən nəzarət mexanizmləri var. Üstəlik ictimai nəzarətin də bu məsələdə rolu zaman keçdikcə artır. Ona görə də hər birimiz atdığımız addımları daha dərindən ölçüb-biçməli, dövlətimizin qanunlarına hörmət nümayiş etdirməliyik”.

Deputat bildirib ki, Azərbaycanda heç kimin fəaliyyətinə, qeyri-qanuni addımlarına fərdi statusuna görə qiymət verilmir: “Qanunları pozan hər kəsi qanun cəzalandırır. Yəni hansısa vəzifəli şəxsin yol verdiyi pozuntulara onun sosial statusuna görə qiymət verilməməlidir. Bu, məsələnin yalnız mənəvi-psixoloji tərəfi kimi qiymətləndirilə bilər. Sadə vətəndaş qanun qarşısında hansı məsuliyyət daşıyırsa, vəzifəli şəxsin də hüquqi məsuliyyəti eynidir, ona hansısa əlavə üstünlüklər, yaxud imtiyazlar tanınmır. Çünki hüququn başlıca prinsipi ədalətdir, hüquq insanlara deyil, konkret əməllərə qiymət verir”.

R.Məmmədov hesab edir ki, son hadisələr bir daha qanunlara əməl etməyin vacibliyinə dair cəmiyyətə ünvanlanmış mesaj kimi dəyərləndirilməlidir. Bu mesajdan isə hər kəs nəticə çıxqrmalıdır: “Qanunlar vətəndaşların mənafelərini qorumaq üçün qəbul olunur. İndiki situasiyada COVİD-19 pandemiyası ilə bağlı karantin rejiminin tətbiqindən irəli gələn müəyyən qadağalar, məhdudiyyətlər var. Hansı ki, vətəndaşların, o cümlədən bu qanunu pozan şəxslərin də sağlamlığını qorumağa xidmət edir. Yəni onlara qarşı tətbiq olunan cəzalar həm də onların öz mənafelərini qoruyur”. Millət vəkili bütün vətəndaşları qanunların tələblərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət etməyə çağırıb.