Home Xəbərlər AYİB: Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində qoyulan özəl investisiyalardan fayda görəcək

AYİB: Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində qoyulan özəl investisiyalardan fayda görəcək

461
0
SHARE

Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində mütərəqqi layihələrə qoyulan özəl investisiyalardan fayda görəcək.

Bu barədə Trend-ə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) bildiriblər.

Qeyd olunub ki, özəl sektor tərəfindən bərpa olunan enerji mənbələri sahəsinin inkişafı enerji sistemlərini daha səmərəli, ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı etməyə kömək göstərəcək:

“Enerji istehsalının 90 faizinin dövlət şirkətlərinin payına düşən Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində mütərəqqi layihələrə qoyulan özəl investisiyalardan xüsusilə fayda görəcək. Bundan başqa, bərpa olunan enerji mənbələri potensialının səmərəli istifadəsi daha çox təbii ehtiyatı bahalı ixrac bazarlarına yönəltməyə və eyni zamanda ölkə iqtisadiyyatını şaxələndirməyə kömək edəcək”.

 

Bankdan bildiriblər ki, istənilən ölkədə enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə tədbirlərin hazırlanması və tətbiqi iqtisadi artıma kömək edir, məşğulluq üçün yeni imkanlar yaradır, insanların rifahını artırır və iqlim baxımından təhlükəsiz gələcəyə xidmət edir:

“Bərpa olunan enerji mənbələrinin istifadəsinə investisiyaların çoxalması iqtisadi artıma müsbət təsir göstərir, bu isə bütün iqtisadiyyatda dalğa effekti yaradır. Bərpa olunan enerji mənbələrinə böyük tələbat, həmçinin bu sektorda çoxlu iş yerləri yaradacaq”.