Home Manşet Azərbaycanın İtaliyadakı səfiri: Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir

Azərbaycanın İtaliyadakı səfiri: Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir

601
0
SHARE

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Politicamente Corretto”, “L’Opinione”, “Notizie Geopolitiche”, “Sicurezza Internazionale”, “Sardegnagol”, “Kmetro0”, “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələrində dərc olunmuş “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir” sərlövhəli geniş məqaləsi ilə Ermənistanın tarixi həqiqətləri saxtalaşdırmaq, Azərbaycana qarşı hərbi təcavüzü, o cümlədən 12 iyul tarixindən başlayaraq həyata keçirdiyi hərbi təxribatları ört-basdır etmək üçün əl atdığı vasitələri, münaqişənin ağır nəticələri və həlli imkanları barədə danışıb.

Trend-in məlumatına görə, diplomat bildirir ki, 12 iyul tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının ardınca erməni tərəfinin məsuliyyətdən yayınmaq və təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə əl atdığının, hətta xaricdə öz radikal qrupları vasitəsilə Azərbaycan diplomatik nümayəndəliklərinə və icma üzvlərinə qarşı zorakılıq və vandalizm aktları törətdiyinin, hadisələrə münasibətdə obyektiv mövqe tutan kütləvi informasiya vasitələri, siyasətçilər və ictimai fikrə təsir edən şəxslərə təzyiqlərinin, Azərbaycana qarşı geniş dezinformasiya kampaniyası apardığının şahidi olduq.

Fikirlərinə davam edən səfir qeyd edir: “Bizim bölgəmizin ölkələri və xalqları erməni tərəfinin tarixi həqiqətləri saxtalaşdırmaq və yerləşdiyimiz bölgənin tarixini, mədəniyyətini, musiqisini, mətbəxini, adət-ənənələrini özününküləşdirmək “qabiliyyətləri”nə yaxşı bələddir. Hətta ermənilərin bu “bacarıqları” böyük gülüş obyektinə də çevrilib, bununla bağlı çoxsaylı zarafatlar və hekayələr də vardır. Ermənilərin Qafqaz Alban Kilsəsinin tarixini özününküləşdirməklə Ermənistanın “ilk xristian dövləti” olduğunu iddia etmək, Birinci dünya müharibəsi dövründə baş vermiş hadisələri təhrif etmək və nəhayət Azərbaycana qarşı işğal və təcavüz siyasətini “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi” kimi təqdim etmək kimi tarixi saxtakarlıqları bu gün Ermənistanın dünya ilə, xüsusilə də Qərb ölkələri ilə təmaslarında özünə rəğbət qazandırmağa hesablanıb. Xüsusilə də, erməni tərəfinin ilk iki tarixi saxtakarlığı üçüncü məsələdə öz mövqeyinə dəstək əldə etmək üçün vasitəyə də çevrilib. Ermənilərin qeyd etdiyim bu üç tarixi saxtakarlığı olmasaydı onların bu gün dünya ilə hansı mövzuda danışacağını təsəvvür etmək belə çətin olardı. Çünki kiçik, kasıb ölkə olan, dənizə çıxışı, təbii ehtiyatları olmayan, coğrafi dalan sayılan və regional proseslərdən kənarda qalan Ermənistanın beynəlxalq əməkdaşlığa fayda vermək imkanları yoxdur.

Diplomat yazısında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində kimin təcavüzkar, kiminsə təcavüzə məruz qalan tərəf olduğunu sübut edən faktları sadalayaraq vurğulayır:

1. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonu hərbi cəhətdən işğal edib.

2. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşiblər. Azərbaycan və Ermənistan qoşunları arasında təmas xətti Azərbaycanın işğal olunmuş ərazilərindən keçir.

3. Ermənistan işğal olunmuş ərazilərdə bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib.

Münaqişə vaxtı Ermənistandan 250 min, Dağlıq Qarabağ regionundan 50 min, ətraf rayonlardan isə 750 min azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Azərbaycanda əhalinin artım tempi yüksək olduğundan bu gün ölkəmizdəki qaçqın və məcburi köçkünlərin sayı 1,2 milyondan çoxdur.

4. Hərbi əməliyyatlar vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı hərbi cinayətlər, Xocalı soyqırımı həyata keçirilib.

5. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycana məxsus tarixi-mədəni irsi darmadağın edib, həmin əraziləri viran qoyub. Təsadüfi deyil ki, vaxtikən bölgənin ən vacib iqtisadi-mədəni mərkəzi olmuş, hazırda işğal altında olan ətraf yeddi rayondan biri – Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır.

6. İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən qeyri-qanuni fəaliyyət, o cümlədən başqa ölkələrdən ermənilərin qanunsuz məskunlaşdırılması, bölgənin təbii ehtiyatlarının qanunsuz istismarı, bölgəyə qanunsuz səfərlərin təşviqi, narkotik maddələrin yetişdirilməsi və qaçaqmalçılığı həyata keçirilir.

7. Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu təsdiq edən, bütün işğal olunmuş ərazilərdən işğalçı silahlı qüvvələrin tam, təcili və qeyd-şərtsiz çıxarılmasını və bütün qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edən, münaqişə ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin heç biri Ermənistan tərəfindən yerinə yetirilməmişdir.

“Bütün bu faktları erməni tərəfi müxtəlif əsassız arqumentlərlə nə qədər ört-basdır etməyə çalışsa da həqiqət dəyişmir. Ermənistan təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan tərəfdir. “Yazıq və əzilmiş xalq” obrazı altında Azərbaycana qarşı təcavüzünü gizlətməyə çalışan erməni tərəfinin yalanlarına inanmaq üçün ya sadəlövh, ya da qərəzli olmaq lazımdır. Lakin sadəlövhlük və ya qərəz səbəbindən cinayətlərə göz yummaq bu cinayətləri törədən tərəfi yeni cinayətlərə həvəsləndirməyə sövq edir”, deyə diplomat vurğulayır.

Münaqişədə tərəflərin mövqeləri və münaqişənin ədalətə və beynəlxalq hüquqa əsaslanan ən uyğun həlli yolunun nədən ibarət olduğuna gəldikdə isə M.Əhmədzadə bildirir: “Ermənistan münaqişəni erməni azlığı, yəni Dağlıq Qarabağ bölgəsindəki erməni icması ilə Azərbaycan dövləti arasında qarşıdurma kimi təqdim edir. Halbuki 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Əyalətinin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi ilə başladılmış bu münaqişənin əsasında ermənilərin “miatsum” (birləşmə) ideyası dayanır ki, bu məqsədlə 1989-cu ildə SSRİ Konstitusiyasına zidd olaraq Ermənistan SSR-nin Ali Soveti tərəfindən “Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşməsinə” dair qərarı qəbul edilmişdir. SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağı işğal edən və oradan bütün azərbaycanlıları qovan Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozmaqda qınanılmamaq üçün işğal olunmuş Azərbaycan torpaqlarında qondarma “Dağlıq Qarabağ respublikası” adlı oyuncaq rejimi yaradaraq “Dağlıq Qarabağ xalqının öz müqəddəratı” barədə danışmağa başladı. Bu oyuncaq rejim heç bir ölkə, heç Ermənistanın özü tərəfindən belə tanınmayıb. Aydındır ki, bu münaqişənin öz müqəddəratını təyin etmə ilə heç bir əlaqəsi yoxdur və münaqişənin əsasında Ermənistanın Azərbaycan torpaqlarını ilhaq etmək məqsədi dayanır”.

Diplomat əlavə edir ki, erməni xalqı öz müqəddəratını təyin etmə hüququndan istifadə edərək Ermənistan dövlətini qurub. “Dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilərin sabah həmin ölkələrdə də yeni erməni dövlətlərinin yaranmasını tələb etməsi nə qədər məntiqsiz görünərsə, Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasını tələb etmək də bir o qədər məntiqsizdir. Dağlıq Qarabağ xalqı adlı bir məfhum yoxdur. Dağlıq Qarabağın hazırda orada yaşayan erməni icması, oradan zorla qovulmuş azərbaycanlı icması var. Erməni tərəfinin sonradan Dağlıq Qarabağda məskunlaşdırılmış ermənilər üçün oranın köklü sakinləri olan azərbaycanlıları həmin ərazidən güc tətbiq etməklə qovaraq öz müqəddəratını təyin etmək hüququnu tələb etməsi heç bir məntiqə sığmır və Ermənistanın təcavüzkar siyasətinin əsl mahiyyətini göstərir”, deyə diplomat fikirlərinə davam edir.

M.Əhmədzadə qeyd edir ki, Ermənistan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin müddəalarını görməzdən gələrək işğal olunmuş ərazilərdəki vəziyyəti baş vermiş fakt kimi qəbul etdirmək və işğal olunmuş ərazilərin bir hissəsindən öz silahlı qüvvələrini çıxartmağın əvəzində Dağlıq Qarabağın “müstəqillik” statusunu tələb edir. “Erməni tərəfinin beynəlxalq hüquqa hörmətsizliyini təcəssüm etdirən bu tələb əslində Ermənistanın Azərbaycana qarşı təcavüzünü etiraf etməsidir. Eyni zamanda, ATƏT-in monitorinq imkanlarının genişləndirilməsi kimi texniki məsələləri qabartmaqla Ermənistanın məqsədi münaqişənin nizamlanmasına yönəlik danışıqlardan diqqəti yayındırmaq və status kvonu əbədiləşdirməkdir”, deyə diplomat vurğulayır.

Münaqişənin həllinə münasibətdə Azərbaycanın mövqeyi barədə danışan diplomat vurğulayır: “Azərbaycan vəziyyətdən çıxış yolunu Dağlıq Qarabağın yekun statusu məsələsinin sonda müəyyənləşdirilməsinə aparacaq mərhələli həll variantında görür. Mərhələli həll beynəlxalq zəmanət altında ilk öncə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, bölgənin əhalisinin təhlükəsizliyinin təmin olunması, nəqliyyat kommunikasiyalarının bərpa olunması, azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ da daxil olmaqla öz yaşayış yerlərinə qaytarılması, sonra isə dünyada, o cümlədən İtaliyada mövcud olan ən yaxşı muxtariyyət modelləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsini ehtiva edir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, Helsinki Yekun Aktına, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qeyd etdiyim dörd qətnaməsinə əsaslanıb”.

“Ermənistan anlamalıdır ki, XXI əsrdə dövlətlərin sərhədlərinin güc tətbiq etmək yolu ilə dəyişdirilməsi qəbuledilməzdir və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejim hər zaman təcavüzün və irqi ayrı-seçkiliyin nəticəsi olan qeyri-qanuni qurum olaraq qalacaqdır. Buna görə də əgər Ermənistan həqiqətən də münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdırsa “müstəqillik statusu” və ya “status kvonun saxlanılması” kimi maksimalist mövqelərdən əl çəkməli və “mərhələli” həll yolunu qəbul etməlidir. Yalnız Ermənistan tərəfindən “mərhələli” həll yolunun qəbul ediləcəyi və bunun üçün də ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrini çıxaracağı təqdirdə bu ölkənin sülhə hazır olduğunu görə bilərik. Əgər beynəlxalq ictimaiyyət Ermənistanın sülh ismarıclarının həqiqiliyinə inanmaq istəyirsə bu ölkədən məhz bunu tələb etməlidir”, deyə diplomat vurğulayır.

M.Əhmədzadə qeyd edir ki, 2016-cı ilin aprel və bu ilin iyul hadisələri göstərdi ki, hazırkı status kvo həll deyil və bütün bölgədə təhlükəsizliyə təhdiddir. Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyin qarantı olduğunu, Azərbaycan tərəfindən həyata keçirilən çoxmilyardlı enerji nəqliyyatı və infrastruktur layihələrinin bölgəyə inkişaf, əməkdaşlıq, çiçəklənmə və sabitlik gətirdiyini, Azərbaycanın yeni müharibədə maraqlı olmadığını, lakin heç zaman öz ərazilərinin işğalı faktı ilə barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün vasitələrdən istifadə edəcəyini və bunun da tamamilə qanunauyğun olduğunu bildirir.

Diplomat məqaləsini bu fikirlərlə tamamlayır: “Ermənistanın hazırkı rəhbərliyinin bu günə qədər olan davranışı onu göstərir ki, hazırkı hökumət keçmişdə baş verənlərdən heç bir dərs götürməyib və öz sələflərinin ölkənin regional proseslərdən təcrid olunmasına və sosial-iqtisadi çətinliklər içərisində boğulmasına gətirib çıxaran siyasətini davam etdirir. Erməni xalqı başa düşməlidir ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu ölkə üçün yalnız iki seçim var: Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələrini çıxartmaqla başlayan davamlı sülh, regional proseslərə inteqrasiya, inkişaf və ümidverici gələcək yolu; və ya hazırkı status kvonu saxlamaqla davamlı gərginliyin qalması, təcrid, yoxsulluq, əhalinin azalması yolu. Hər bir halda münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir və başqa həll yolu yoxdur.”

Məqalə ilə bu keçidlərlə tanış olmaq mümkündür:

https://www.politicamentecorretto.com/2020/08/25/ambasciatore-mammad-ahmadzada-la-soluzione-del-conflitto-passa-dal-ripristino-dellintegrita-territoriale-dellazerbaigian/

http://opinione.it/esteri/2020/08/26/mammad-ahmadzada_provocazioni-militari-armenia-contro-azerbaigian-nagorno-karabakh-osce/

https://kmetro0.it/2020/08/26/ambasciatore-mammad-ahmadzada-la-soluzione-del-conflitto-passa-dal-ripristino-dellintegrita-territoriale-dellazerbaigian/

https://www.notiziegeopolitiche.net/azerbaijan-lambasciatore-ahmadzada-la-soluzione-del-conflitto-passa-dal-ripristino-dellintegrita-territoriale/

https://sicurezzainternazionale.luiss.it/2020/08/26/larmenia-lambasciatore-dellazerbaigian-scrive-sicurezza-internazionale/

https://www.sardegnagol.eu/2020/08/26/nagorno-karabakh-lambasciatore-ahmadzada-la-soluzione-del-conflitto-passa-dal-ripristino-dellintegrita-territoriale-dellazerbaigian/

https://www.giornalediplomatico.it/Azerbaigian-amb-Ahmadzada-soluzione-conflitto-con-ripristino-integrita-territoriale.htm