Home Manşet Şəbnəm Həsənova: Şoyqunun səfərinin pərdəarxasında bir neçə məqsəd var

Şəbnəm Həsənova: Şoyqunun səfərinin pərdəarxasında bir neçə məqsəd var

708
0
SHARE

“Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərinin pərdəarxasında bir neçə məqsəd var. Bunlardan birincisi heç şübhəsiz ki, iki ölkə arasında mövcud olan əlaqələrin təhlili və müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsidir. Digər bir məsələ və Rusiyanı son dərəcə düşündürən məsələ Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının dərinləşməsidir ki, Şoyqu bu səfəri ilə hal-hazırki vəziyyət barədə məlumat əldə etmək marağındadır. Bundan əlavə, Azərbaycan ictimaiyyətində Minsk Qrupu həmsədrlərinin biri qismində Türkiyəni görmək istəməsi də Rusiyanı son dərəcə narahat edən məsələdir. Bununla yanaşı cənab Prezident İlham Əliyev Türkiyənin müdafiə naziri Hulusi Akarı Bakıda qəbul edərkən bildirdi ki, hərbi texnika alışında Azərbaycan əsasən Türkiyəyə üstünlük verəcək. Bu da təbii ki, Rusiyanı olduqca maraqlandıran məsələdir, çünki bu vaxta qədər Azərbaycan Silahlı Qüvvələri öz arsenalını Rusiyada istehsal olunan silahlarla da təmin edib”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O, söyləyib ki, digər bir məsələ Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı və danışıq zamanı cənab Prezidentin Rusiyanın gizli şəkildə Ermənistana silah, sursat və hərbi texnika yollamasından Azərbaycan dövlətinin və xalqının narazı olduğunu bildirməsi məsələsidir: “Əslində Rusiya dünyanın ən güclü və inkişaf etmiş hərbi sənayesinə malik ölkə kimi istənilən dövlətə silah-sursat sata bilər. Lakin Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olduğundan bu məsələdə Ermənistan istisna təşkil etməlidir. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün yaratdığı Minsk Qrupunda həmsədr ölkə olan Rusiyanın belə davranışı onun mövcud münaqişə barəsində nə qədər ədalətli davranacağını artıq sual altına qoyur. Rusiyanın Cənubi Qafqazdakı maraqları isə hamı üçün aydındır. Hər nə qədər Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistana dəstək görtərsə də Azərbaycan da Rusiyanın maraq dairəsində olan dövlətdir. Hal-hazırda istər Belarus, istər Gürcüstan, istərsə də Ukrayna kimi post-sovet dövlətləri ilə soyuq münaibətlərin fonunda Rusiya Azərbaycanı etibarlı tərəfdaşı kimi görür. Rusiya xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə də Azərbaycana böyük önəm verir. Azərbaycanın iqtisadi, hərbi və texniki potensialının Ermənistanla müqayisədə qat-qat üstün olduğunu bilən Rusiya Azərbaycanla münasibətlərinin müsbət dinamikasında maraqlıdır”.

Politoloq qeyd edib ki, bundan əlavə Rusiya da çox aydın fərqindədir ki, Ermənistanın baş naziri Nikol Paşinyan son dönəmlərdə aşkar şəkildə Qərbə meyillənir: “Paşinyanın hakimiyyətə gəlişindən sonra müşahidə olunan başqa tendensiyalar haqqında da danışa bilərik. Rusiya telekanallarının yerli yayım şəbəkəsindən sıxışdırılmasını təmin edən qanun layihəsi; İctimai Televiziyada rusdilli verilişlərin bağlanması və s. Kreml erməni cəmiyyətində anti-Rusiya hisslərinin artmasından narahatdır. Hal-hazırda Sorosun “Açıq Cəmiyyət İnstitutu” Ermənistanda praktiki olaraq bütün sferaları əhatə edən – KİV, jurnalist araşdırmaları, siyasi təşkilatlar, gənclər siyasəti, insan hüquqlarının müdafiəsi, təhsil, elm və s. – 60 QHT-ni maliyyələşdirir. Kreml artıq açıq şəkildə görür ki, Ermənistan Qafqazdakı anti-Rusiya qüvvələrinin tramplininə çevrilib. Rəsmi Moskva erməniləri maraq dairəsindən uzaqlaşdırmaq istəmir, bu ölkənin for-post olmasında maraqlıdır və Rusiya Dağlıq Qarabağ münaqişəsində status-kvonu qoruyub saxlamaqla yanaşı, Ermənistanın tam zəif duruma düşməsinə yol verməməyə çalışır. Eyni zamanda da Azərbaycanla da münasibətlərin müsbət dinamikasında maraqlıdır”.

Ş.Həsənova vurğulayıb ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir və Dağlıq Qarabağ məsələsinin həlli prosesində açar tərəfdir: “Bu baxımdan mövcud reallıqlar kontekstini nəzərə alaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olan Rusiyanın bu məsələdə olan mövqeyi və marağı bizim üçün də çox önəmlidir”.