Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi Ermənistanın işğalçılıq siyasətinin növbəti təzahürüdür. İşğalçı dövlət açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını, bəzi xarici havadarlarına arxalandığını təsdiqləyir. Çünki iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində təxribat törətmiş və onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmışdır. Dünyanın, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin həmin təxribata laqeyd münasibəti, seyrçi mövqedə dayanmağı çıxış yolu hesab etmələri diqqətdən kənarda qalmadı. Məhz bu seyrçiliklər ermənilərin daha böyük iddialarla yaşamalarına, Azərbaycanın nəinki Qarabağ, digər sərhəd əraziləri istiqamətində təxribatlarına stimul verir. Zaman-zaman Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən işğalçı Ermənistan görünür “böyük Ermənistan” xülyasını hələ unutmayıb. Azərbaycan dövlətinin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, qüdrəti işğalçı dövlətin bütün cəhdlərini boşa çıxarır, belə bir reallığı ortaya qoyur ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz müstəqil siyasəti, tarixi həqiqətləri ilə fakt qarşısında aciz olmamaqla yanaşı, eyni zamanda, döyüş meydanında düşməni yerində oturtmaq imkanında, gücündədir.
Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Goranboy rayonu istiqamətində baş verən təxribatlar onu göstərdi ki, Azərbaycan nəinki Ermənistan silahlı qüvvələrinin cavabını verdi, həmçinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurgen Alaverdyan hərbçilərimiz tərəfindən əsir götürüldü: “Onun üzərindən bir sıra hərbi ləvazimatlar, şəxsi əşyalar aşkarlanıb. Bu təxribatın əsas hədəfi Azərbaycan Ordusunun hərbi hissələri və əsgərlərimiz olub. Amma ordumuzun gücü, ayıq- sayıqlıgı nəticəsində bu cəhdin qarşısı alınıb, düşmən itkilər verib, rəzil durumda geri qayıtmaga məcbur olub. Qurgen Alaverdyan yaydığı videomüraciətdə təlimata uyğun hərəkət etdiklərini, yaxın vaxtlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Goranboy rayonunda təmas xəttindəki döyüş mövqelərində diversiya törədilməsi, yəni, qumbara və avtomat silahlardan istifadə edərək mümkün qədər çoxlu sayda Azərbaycan hərbçisinin məhv edilməsi, eləcə də bir hərbçinin əsir götürülməsi ilə bağlı əməliyyat keçirilməsi üçün hazırlıq görülməsi tapşırığını aldıqlarını etiraf etmişdir. Mərhələli şəkildə həyata keçirdikləri əməliyyat planına uyğun olaraq avqustun 23-də saat 02:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin döyüş postuna daxil olmaq istəyərkən Azərbaycan hərbçiləri tərəfindən verilən «Həyəcan» siqnalı əsasında aşkar olunduqlarını anlayaraq geri qayıtmaq məcburiyyətndə qalmışlar. Bu, Ermənistan ordusunun diversiya qrupunun əsir götürülmüş komandirinin etirafıdır. Buna təfsilatı ilə bir daha nəzər yetirməyimizin səbəbi Ermənistan hakimiyyətinin 12 iyul təxribatında olduğu kimi, Goranboy təxribatında da reallıqları ört-basdır etmək, itkilərini gizlətmək üçün «fədakarlıq» göstərməsidir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan komandir Qurgen Alaverdyanın guya «hərbi mövqeləri yoxlamaq üçün» gedərkən hava şəraitinin pis olması səbəbindən azdığını, hazırda onun axtarışının davam etdirildiyini bildirib. Hər zaman yalanın həqiqət üzərində qələbəsinə cəhd edən ermənilər bunun mümkünsüzlüyünün fərqində olsalar da yenə də xislətlərinə uyğun addımlarından əl çəkmək istəmirlər”.
V.Rəhimzadə diqqəti dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlərə yönəldib. “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib.
Baş redaktor bildirib ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu ya buraxılmalı, ya da işğalçını öz adı ilə çağırıb, illərdən bəri həllini gözləyən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasına yardımçı olmalıdır: “Azərbaycan xalqının mənasız danışıqlardan bezdiyini bildirən möhtərəm Prezidentimiz İlham Əliyev qeyd edir ki, ona görə bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər. Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın güclü, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordusu vardır. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ermənistan-Azərbayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım belə geri atılmayacaq. Azərbayanın ərazi bütövlüyü bərpa edilməlidir və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir”
Ermənistanın hərbi təxribatının səbəblərindən bəhs edən Vüqar Rəhimzadə vurğulayıb ki, bunlardan biri düşmən ölkədəki iqtisadi və siyasi böhrandır: “Xaricdən maliyyələşən, xarici fondlardan maliyyə, təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermiş, Ermənistanda çiçəklənmə, cənnət olacağını bildirmişdi. Amma bu vədləri yerinə yetirmək üçün hakimiyyətdə nə təcrübə, nə səriştə, nə də daxili resurs var idi. Bu vədlərin iflasa uğraması Ermənistanda böhranlı vəziyyət yaradıb. Hazırda koronavirus infeksiyasına qarşı mübarizə dövründə bu bəladan daha çox zərər çəkən işğalçı dövlətdir. Hakimiyyət COVID-19-la mübarizədə heç bir təcrübə, çıxış yolu ortaya qoya bilməyib. Çıxılmaz vəziyyətdə olan işğalçı dövlətin hakimiyyəti diqqəti istər daxildə, istərsə də beynəlxalq müstəvidə mövcud durumdan yayındırmaq üçün məqsədli şəkildə təxribatlara əl atır. Amma bunun da bir çıxış yolu olmadığı göz önündədir. Çünki ermənilərin, o cümlədən haqqında bəhs etdiyimiz Ermənistan ordusunun diversiya qrupunun əsir götürülmüş komandirinin etiraflarında vurğulandığı kimi, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.