Home Manşet Şəbnəm Həsənova: Tovuzdakı uğursuzluq az deyilmiş kimi…

Şəbnəm Həsənova: Tovuzdakı uğursuzluq az deyilmiş kimi…

764
0
SHARE

“Goranboy təxribatını Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribatı kimi dəyərləndirirəm. Belə ki, Tovuzdakı uğursuzluq az deyilmiş kimi Ermənistan yeni təxribatlara əl atmağa davam edir”.
Bunu Milli.Az-a politoloq Şəbnəm Həsənova avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi və qrupun komandirinin saxlanması hadisəsini şərh edərkən deyib.

O bildirib ki, bu təxribat da mahiyyət etibarilə sabotaj, diversiya və terror məqsədi daşıyan bir aksiyadır:

“Ermənistanın dövlət siyasəti terror üzərində qurulduğundan bu aciz dövlət artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib və bununla da öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. Ermənistanın beynəlxalq hüququn heç bir norma və prinsiplərinə əməl etməyərək terroru dövlət siyasəti həddinə çatdırdığının tarix boyu şahidi olmuşuq. Bu təxribat da mahiyyət etibarilə sabotaj, diversiya və terror məqsədi daşıyan bir aksiyadır. Əsas hədəf də Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimiz olmuşdur. Eyni zamanda məqsəd münaqişə ocağını alovlandırmaq və danışıqlar prosesini pozmaq cəhdidir”.

Xanım politoloq qeyd edib ki, təxribatın Ermənistanın müdafiə nazirinin Rusiya səfəri zamanı baş verməsi təsadüfi deyil:

“Düşünürəm ki, Ermənistanın bu cür əməlləri ölkədə hökm sürən ağır iqtisadi vəziyyəti və ordunun itirilmiş imicini bərpa etməyə hesablanmışdır. Heç şübhəsiz ki, diversiyanın Ermənistanın müdafiə naziri D.Tonoyanın “Armiya-2020″ hərbi-texniki forumda iştirak etmək üçün Moskvaya səfəri zamanı baş verməsi də təsadüfi xarakter daşımır. Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir. Hazırda ölkəmizə qarşı bu tipli aksiyalar həyata keçirməyə çalışan bir çox Ermənistan hərbçisi saxlanılıb və mühakimə olunub.

Ermənistan tərəfi bilməlidir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu dövlət sərhəddinə tam nəzarəti həyata keçirir, Vətənin keşiyində sərvaxt dayanıb və düşmənin istənilən təxribatının qarşısı qəti şəkildə alınır”.