Home Manşet Vüqar Rəhimzadə: Qətiyyətli addımlar, vətəndaş məsuliyyəti daha tez zamanda normal, adi həyata...

Vüqar Rəhimzadə: Qətiyyətli addımlar, vətəndaş məsuliyyəti daha tez zamanda normal, adi həyata qayıtmağa əsas yaradır

586
0
SHARE

Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizədə tətbiq etdiyi təcrübə dünyanın diqqətindədir və əksər dövlətlər bundan faydalanırlar. Ölkəmizin ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı, atılacaq addımların müzakirəsi və sair kimi tədbirlər bugünkü uğurlu nəticələrdə mühüm rol oynayır. Özünütəcrid COVID-19-la mübarizədə qələbənin əsas şərti kimi irəli sürüldü, sərt karantin rejiminin tətbiqi şəraitində insanların ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamalarına qadağalar qoyuldu. Əsas məqsəd insanların sağlamlığının təminatı, yoluxmanın coğrafiyasının genişlənməməsi idi. Mübarizənin birinci mərhələsini uğurla başa vuran Azərbaycan tətbiq olunan təcrübənin paylaşılması üçün dünyaya ünvanladığı birlik, həmrəylik çağırışlarını təşəbbüsçüsü olduğu Zirvə görüşlərinin keçirilməsi ilə reallaşdırdı. Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi bir daha bu reallığı ortaya qoydu ki, qlobal problemlə qlobal səviyyədə mübarizənin aparılması üçün səylərin birləşdirilməsinə böyük ehtiyac var.

Həmçinin, bu bəla xəstəliklə bağlı olduğu üçün hər bir ölkənin səhiyyə sisteminin hazırkı durumunun belə vəziyyətlərə hazır olub-olmadığı özünü nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirakı zamanı bir daha ölkəmizin pandemiyaya qarşı mübarizə təcrübəsindən bəhs edərək bildirmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermiş, Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi, bütün bunlar mübarizədə əsas rol oynamışdır. Prezident İlham Əliyev, həmçinin diqqətə çatdırmışdır ki, birgə səylərlə COVID-19-un nəzarətdə saxlanmasını təmin edəcəyik.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, COVID-19-la mübarizədə səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Hazırda koronavirus xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanaların 41-i son 17 ildə inşa edilib. Məhz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, təsəvvür etmək çətin deyil ki, əgər biz bu addımı vaxtında atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik: “Tam məsuliyyətlə deyə bilərəm ki, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik.” Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz edilib və bu gün də bu proses davam etdirilir. Laboratoriyaların sayı artıb. Pandemiya başlayanda cəmi 6 laboratoriya fəaliyyət göstərirdi. Ölkəmizdə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.

“Koronavirus infeksiyası həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Dövlətimiz bu təsirin fəsadlarını aradan qaldırmaq üçün kompleks tədbirlər həyata keçirir” söyləyən V.Rəhimzadə qeyd edib ki, sosial dəstək və məşğulluq tədbirləri davamlı olaraq həyata keçirilir. Möhtərəm Prezidentimiz ilk gündən heç bir sosial layihənin təxirə salınmayacağını, iqtisadi islahatların dərinləşdirilməsinin vacibliyini bildirdi. Həmçinin əsas tələblər sırasında iş yerlərinin azaldılmaması yer aldı. Məhz bu çağırışlardan irəli gələrək dövlət bütün kateqoriyadan olan insanları maddi dəstəklə təmin edir. Prezident İlham Əliyev daim vurğulayır ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir: “Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Ümumi dünyada mövcud olan mənzərəni nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir”.

Baş redaktor bildirib ki, COVID-19-la mübarizədə sosial məsuliyyət əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa bütün müraciətlərində bu çağırışı edirlər ki, məsuliyyətli olaq. “Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak zamanı nitqində əsas diqqət göstərdiyi məsələlərdən biri hər kəsin qanun qarşısında eyni məsuliyyəti daşıması oldu. “Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır” söyləyən möhtərəm Prezidentimiz bildirmişdir ki, belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyadan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir.

V.Rəhimzadə qeyd edib ki, karantin rejiminin qaydaları həm özümüz, həm dövlətimiz üçün vacibdir: «Bir tərəfdən bu qaydalara riayət etməklə öz sağlamlığımızı təmin ediriksə, digər tərəfdən, yoluxma hallarının azalması fonunda karantin rejiminin yumşaldılmasına, eyni zamanda, əvvəlki həyata qayıdıb pospandemiya dövrü üçün inkişaf modelinin hazırlanmasına dəstək oluruq. Möhtərəm Prezidentimiz bildirmişdir ki, görülmüş bütün işlər bir məqsədə yönəlib: Bu vəziyyətdən az itkilərlə çıxaq və hesab edirəm ki, biz buna nail oluruq. Həmçinin bu əminlik də ifadə edilir ki, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”.