Home Dünya xəbərləri Şəbnəm Həsənova: Türkiyənin təklənməsi haqsız olduğu mənasına gəlmir

Şəbnəm Həsənova: Türkiyənin təklənməsi haqsız olduğu mənasına gəlmir

970
0
SHARE

“Fransa Avropa İttifaqının xarici siyasətinin mərkəzinə Aralıq dənizini yerləşdirmək niyyətindədir. Səbəbi isə heç şübhəsiz ki, bu bölgənin enerji resurslarını zəbt etməkdən ibarətdir. Məqsəd isə aydındır. Fransa şirkətlərinin vasitəsilə enerji resurslarını Avropaya, oradan da Afrikaya satmaq proyektini reallaşdırmaq istəyir. Bu səbəbdən də istəyi odur ki, Türkiyəni mümkün qədər regionda sıxışdırsın. Türkiyənin isə bir dövlət kimi illərdi formalaşdırdığı xarici siyasət kursu və bu kursun prioritet istiqamətləri var ki, atdığı qətiyyətli addımlarla heç bir dövlətə güzəştə getmək niyyətində deyil. Türkiyənin beynəlxalq münasibətlər sisteminin müstəqil və qətiyyətli oyunçu kimi davranışı Fransanı razı salmır. Bu səbəbdən də Fransa Türkiyəyə qarşı hücumçu mövqe qismindədir. Bununla yanaşı, Türkiyənin Fransanın diqtəsini qəbul etməməsi Fransanın regionla bağlı bütün planlarını alt-üst edir”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Türkiyənin istər Liviyada, istərsə də Suriyada hərbi əməliyyatlar həyata keçirməsi, istərsə də S-400-lərin alınması ilə bağlı Qərbin narazılığına baxmayaraq bu silahları alması təbii ki, onları razı salmır və narahat edir: “Bütün bu məsələlərdə sadə dillə desək Türkiyə sağa-sola baxmadan öz milli maraqlarının qorunması istiqamətində hərəkət edir. Almaniya Şərqi Aralıq dənizindəki Türkiyə-Yunanıstan arasındakı gərginliklə əlaqədar bugünədək neytral mövqedə qalıb məsələnin ikitərəfli dialoq yolu ilə həll olunmasını dəstəklədiyini bildirmişdi. Almaniya Federal Kansleri Angela Merkel Şərqi Aralıq dənizi mövzusunda Yunanıstanın yanında olduqlarını bildirdi. Eyni zamanda Merkel onu da bildirdi ki, bütün Avropa İttifaqı ölkələri Yunanıstanı dəstəkləməlidir. Merkel Şərqi Aralıq dənizi məsələsini Fransa Prezidenti Emmanuel Makronla da müzakirə etdiklərini deyib”.

Politoloqun fikrincə, Avropa ittifaqının Türkiyə məsələsi ilə bağlı olduqca mürəkkəb kombinasiyaları mövcuddur: “Avropa İttifaqı illərdir ki, Türkiyəni üzv dövlət kimi qəbul etmir. Yunanıstana isə üzv dövlət kimi dəstək verir. Daha geniş və dərin araşdırıb təhlil versək təbii ki, xristian həmrəyliyi məsələsi də öz sözünü deyir. Türkiyəyə qarşı da zaman-zaman sanksiyaların tətbiq olunduğunun şahidi olmuşuq. Zənnimcə, gələcəkdə tətbiq oluna biləcək sanksiyalar mahiyyət etibarilə əvvəlkilərdən fərqli olmayacaq. Türkiyənin siyasi xəttində, ya da məqsədlərində kardinal dəyişikliyin olacağını düşünmürəm. Eyni zamanda Aralıq dənizində qaz yataqlarının kəşfi də demək mümkünsə Türkiyəyə bir az rahatlıq gətirəcək. Belə ki, qaz yataqlarının kəşfi Türkiyəyə əlavə güc tətbiqi üçün əlavə mexanizmlər qazandıracaq. Hər hansı sanksiya Türkiyənin nə bölgədəki, nə də beynəlxalq münasibətlər sistemindəki mövqeyinə mənfi cəhətdən əsaslı təsir etməyəcək”.

Ş.Həsənova vurğulayıb ki, bu məsələdə də Türkiyənin təklənməsi haqsız olduğu mənasına gəlmir: “Türkiyə Sevr müqaviləsinin şərtlərini Birinci Dünya müharibəsinin şərtləri altında, o qədər çətin dönəmdə qəbul etmədisə, indiki vəziyyətdə də kiməsə boyun bükməsi mümkün deyil. Getdikcə çökən Avropa və güclənən Türkiyə dönəminin hökm sürdüyünü görürük”.