Home Manşet Ermənistanın cəzalandırılmaması ATƏT PA-nın Büro iclasında tənqid edilib

Ermənistanın cəzalandırılmaması ATƏT PA-nın Büro iclasında tənqid edilib

556
0
SHARE

Bu gün ATƏT Parlament Assambleyası (ATƏT PA) rəhbərliyinin (Büro) qeyri-formal onlayn görüşü keçirilib. Görüş çərçivəsində ATƏT PA-nın fəaliyyətinin bir sıra istiqamətləri üzrə geniş müzakirələr aparılıb.

Trend xəbər verir ki, onlayn görüşdə ATƏT PA-nın prezidenti Georgi Tseretelinin ATƏT regionunda baş verən hadisələrlə bağlı hesabatı dinlənilib. Qurumun Baş katibi Roberto Montella isə ATƏT strukturlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına ATƏT PA-nın verə biləcəyi töhfələr və Assambleyanın cari ilin dekabr ayınadək görəcəyi işlər barədə məlumat verib.

ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev görüşün gündəliyindəki məsələlərə münasibət bildirib. Azay Quliyev həmçinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi Tovuz təxribatı, Livan ermənilərini işğal olunmuş ərazilərimizə qanunsuz köçürməsi və Rusiya Federasiyasının Ermənistanı silahlandırması faktlarını qeyd edərək bu cür halların beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etdiyini Büro üzvlərinin nəzərinə çatdırıb.

Azay Quliyev deyib ki, Baş katib Montellanın “Lazar əməliyyatı” barədə təşəbbüsü ATƏT PA-nın illər ərzində topladığı və irəli sürdüyü bütün fikir və təkliflərin sistemləşdirilməsi, ATƏT-in fəaliyyətinin gücləndirilməsi və səmərəliyinin təmin edilməsi istiqamətində müəyyən nəticələrin əldə olunmasına yardım edə bilər.

ATƏT PA-nın vitse-prezidenti ATƏT-in fəaliyyətinin ilk istiqaməti olan təhlükəsizlik məsələləri ilə bağlı atılması lazım olan addımlar barədə fikirlərini görüş iştirakçılarının diqqətinə çatdırıb: “Birincisi, bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında 2005-ci ildə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə fakt-araşdırıcı missiya göndərilib. Missiyanın yekun hesabatında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində insanları qanunsuz məskunlaşdırması da daxil olmaqla bir sıra beynəlxalq hüquq pozuntuları əksini tapıb.

Təəssüf ki, missiyanın hesabatında göstərilən məsələlərin heç birinin həllinə dair ATƏT-in Minsk Qrupu tərəfindən konkret addım atılmamışdır ki, bu da həmsədrlərin Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə ən qısa zamanda nail olunmasında maraqlı olmadığını göstərir.

Ermənistan Yaxın Şərqdən ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərinə qeyri-qanuni köçürülməsi prosesini davam etdirməkdədir. Hazırda Ermənistan Beyrutdakı son partlayışdan sui-istifadə edərək işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz məskunlaşdırılması prosesini həyata keçirir.

Bununla bağlı mən prezident Tsereteliyə məktub ünvanlamışam və ümid edirəm ki, ATƏT PA və digər beynəlxalq təşkilatlar Ermənistanın Cenevrə Konvensiyaları və Roma Statutu da daxil olmaqla bir sıra beynəlxalq sənədlərə zidd olan bu cür qanunsuz addımlarını pisləyəcəklər. Ermənilərin “repatriasiya” və “humanitar yardım” adı altında Dağlıq Qarabağda qanunsuz məskunlaşması Ermənistanın ilhaq siyasətinin bir hissəsidir”.

Azay Quliyev bildirib ki, ikinci məsələ ATƏT PA ilə Minsk Qrupu arasında hər hansı real əməkdaşlıq əlaqələrinin olmamasıdır. Bəzi naməlum səbəblərdən həmsədrlər, bir neçə dəfə səsləndirdiyimiz təkliflərimizə və dəvətimizə baxmayaraq Minsk Qrupunun fəaliyyəti barədə hələ də hesabat təqdim etməyiblər: “Mövcud vəziyyət onu göstərir ki, ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin hamısı vahid məqsədə nail olunmasına – Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq deyillər. Tam əksinə, həmsədrlərdən biri olan Rusiya Federasiyasının Ermənistanı silahlandırması narahatlıq yaradan bir fakt olmaqla yanaşı, həm də Rusiyanın Minsk Qrupundakı vasitəçilik mandatı, eləcə də silah nəzarəti və regional təhlükəsizliyə dair bir sıra beynəlxalq sənədlərdə əksini tapmış öhdəliklərlə ziddiyyət təşkil edir.

Cəzasızlıq mühiti və Ermənistanın qanunsuz fəaliyyətlərinə adekvat reaksiyanın verilməməsi Ermənistana vəziyyəti gərginləşdirməyə əlverişli şərait yaradır. Buna nümunə olaraq Ermənistanın 12-16 iyul 2020-ci il tarixlərində Ermənistan-Azərbaycan sərhədində yerləşən Azərbaycanın Tovuz bölgəsindəki hərbi və mülki obyektlərimizi atəşə tutaraq təxribat xarakterli hücumlarını göstərə bilərəm. Bu təxribatın nəticəsində hərbçilər və mülki şəxslər, o cümlədən 76 yaşlı Tovuz sakini həlak olub. Ermənistanın hücumları bu bölgədə yerləşən neft-qaz boru kəmərləri və digər strateji iqtisadi infrastrukturlar üçün ekzistensial təhlükə yaradıb”.

Azay Quliyev bildirib ki, üçüncü mühüm məsələ ATƏT PA-nın ATƏT-in Minsk Qrupu ilə institusional əlaqələr qurması və onunla sülh quruculuğu istiqamətində sıx əməkdaşlıq etməsinə ehtiyacın olmasıdır. ATƏT PA ATƏT-in Minsk Qrupu üzvlərinin iştirakı ilə Minsk Konfransının çağırılmasını təşviq edə bilər, ən azından ATƏT PA çərçivəsində Minsk qrupuna üz olan ölkələrin iclasını keçirə bilərik. İclasda bir suala cavab tapmaq lazımdır: “niyə həmsədrlər indiyə kimi problemin həllini təmin edə bilməyiblər? niyə Ermənistan indiyə kimi BMT TŞ-nin qətnamələrini və digər beynəlxalq sənədləri icra etməyib? İnanıram ki, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətindəki mövcud əngəlləri və uğursuzluqları müəyyən etmək və Ermənistan-Azərbaycan münaqişəsinə dair müəyyən müsbət inkişafa nail olmaq üçün ATƏT PA-nın müdaxiləsi faydalı ola bilər”.

ATƏT PA-nın vitse-prezidenti deyib ki, dördüncü məsələ budur ki, Ermənistan 30 ilə yaxın bir müddətdə beynəlxalq təşkilatların işğalçı ölkənin silahlı qüvvələrini Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədlərini, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, ATƏT və ATƏT PA-nın qətnamələrini görməzliyə vurur: “Buna görə də biz 57 ölkəni bir araya gətirən təşkilat olan ATƏT-in münaqişənin həlli üçün təklif etdiyi alət və mexanizmləri, bu qurumun mandatını daim diqqətdə saxlamalı və Ermənistanın işğal etdiyi Azərbaycanın ərazilərindən silahlı qüvvələrini çıxarmasını tələb edən yuxarıda sadalanan qətnamələri icra etməsini təmin etməliyik. İnanıram ki, bütün bu məsələlər ATƏT-ə təqdim ediləcək təkliflərdə və fəaliyyət planında öz əksini tapacaq.

Çıxış edən bir neçə Büro üzü Azay Quliyevin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT PA-nın daha fəal olması haqqında təkliflərini dəstəkləyiblər.