Prezident İlham Əliyev “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru, İdarə Heyətinin sədri İqor Seçinə təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli İqor İvanoviç.
Əlamətdar tarix – anadan olmağınızın 60 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizin rəhbərliyinizlə “Rosneft” Neft Şirkəti böyük uğurlar qazanıb və dünya neft-qaz sahəsinin liderlərindən birinə çevrilib.
“Rosneft” Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı energetika sahəsində Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin mühüm komponenti olmaqla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə sanballı töhfə verir.
Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.