Home Manşet Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ADA Universitetinin iki yeni...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər

619
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər.

Trend xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar.

ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verdi. Bildirdi ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, 42 sinif otağı, 18 qrup otağı, 3 laboratoriya, kitabxana, kafe müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub.

Bu korpuslarda server otaqları da mövcuddur. Server otaqlarından bütün tədris prosesləri dəstəklənir. Burada 42 otaqda smartkodlar quraşdırılıb, avadanlıqlar, kompüterlər var. Bu avadanlıqlar vasitəsilə tələbələr həm onlayn şəkildə təhsil ala biləcəklər, yəni, müəyyən mühazirələr videoformatda təqdim olunacaq, həm də canlı dərslər keçiriləcək.

Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Təkcə bu korpusda 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib.

Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır.

Dövlətimizin başçısı və birinci xanım ADA Universitetinin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış oldular.

Bildirildi ki, ümumi ərazisi 4 hektardan artıq olan parkın əsas hissəsi yaşıllıq zonasıdır. Burada 280 bitki növü əkilib. Orijinal üslubda yaradılan bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Parkda göllər də yaradılıb.

Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verdi.

ADA Universitetinin perspektiv planlarına gəldikdə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il fevralın 19-22-də İtaliya Respublikasına rəsmi səfəri zamanı humanitar və təhsil sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb, sənədlər imzalanıb. Razılaşdırılıb ki, Bakıda İtaliya-Azərbaycan Universiteti təsis olunsun və bu təhsil ocağının yaradılması ADA Universiteti ilə birlikdə həyata keçirilsin.

Universitetin inkişaf planına uyğun olaraq yeni təhsil ocağının istiqamətləri hazırlanmış konseptual sənədlərdə öz əksini tapıb. Yeni universitetdə Azərbaycanın iqtisadiyyatı üçün vacib olan elektrik mühəndisliyi, su təsərrüfatı mühəndisliyi, nəqliyyat mühəndisliyi, kənd təsərrüfatı və qida biznesinə aid sahələr, arxitektura və dizayn peşələri, menecment, marketinq və digər sahələr üzrə kadrlar hazırlanacaq.

Beləliklə, ADA Universitetində təhsil infrastrukturunun modernləşdirilməsi konsepsiyası müasir trendləri əhatə etməklə gələcəyə istiqamətlənib.