59 il əvvəl təsis edilən Qoşulmama Hərəkatının ideoloji əsasını 1955-ci ildə qəbul edilmiş Bandunq prinsipləri təşkil edir. “Soyuq müharibə” illərində yaranmasına baxmayaraq, həmişə ədaləti, beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü müdafiə edən təsisat kimi fərqlənir. Azərbaycan BMT-dən sonra tərkibində ən çox dövləti birləşdirən siyasi təsisata 2011-ci ildə üzv olub. Qısa müddət ərzində Hərəkatda böyük nüfuz qazanan ölkəmiz 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün sədr seçildi. Bu, təbii ki, ölkəmizə olan etimadın, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisi idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, 2019-cu il oktyabrın 25-26-da Hərəkatın dövlət və hökumət başçılarının Bakı sammitində Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini bəyan etdi- Rəsmi Bakı Qoşulmama Hərəkatı çərçivəsinfə fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirdi. Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə etmiş və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulayıblar. Bu da Azərbaycanın əsas diplomatik uğurlarından biridir. Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyini alqışlayır. Qoşulmama Hərəkatı bu il Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçki şousu”nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bəyan edib, eyni zamanda Ermənistanın Tovuzda törətdiyi təxribatı pisləyib. Azərbaycan isə sədr kimi Hərəkat üzvlərinin maraqlarını müdafiə edir, digər təsisatlarla sağlam və konstruktiv dialoqun inkişafı istiqamətində səylərini davam etdirir.
Onun sözlərinə görə, pandemiyanın yarardığı neqativ reallıqlara baxmayaraq, ölkəmiz prosesə çevik reaksiya verməklə qlobal təşəbbüskara çevrildi. 2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşündə məhz Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pendemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən müdafiə olundu. Bu qlobal təşəbbüs dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi. İyulun 10-da BMT-nin pandemiyaya qarşı 31-ci xüsusi sessiyası rəsmi proses kimi başladı. Xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin keçirilmə vaxtı hazırda Nyu Yorkda ölkələr arasında müzakirə olunur. Bir sözlə, Azərbaycan istər tərəfdaş ölkələrlə əməkdaşlıqda, istərsə də təmsil olunduğu beynəlxalq qurumlarda qlobal təşəbbüskar və etimad mühiti yaradan tərəfdaş kimi qəbul olunur.