Litva Azərbaycana Avropa-Çin marşrutu üzrə yükdaşımalarda tərəfdaşlıq barədə məsələni nəzərdən keçirməyi təklif edir.
Bu barədə Trend-ə Litvanın Nəqliyyat və Rabitə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Litva-Azərbaycan əməkdaşlığının vacib məqamı Azərbaycanın Baltik, Qara, Aralıq və Xəzər dənizlərinin konteyner xətlərini birləşdirən “Vikinq qatarı” beynəlxalq layihəsinə qoşulmasıdır:
“Bundan başqa, Litva Azərbaycana TRACECA Avrasiya nəqliyyat multimodal dəhlizi ilə (Dostık limanı – Aktau – Bakı (Ələt) – Gürcüstan limanları, daha sonra dənizlə Türkiyə və Ukrayna limanları və ya quru ilə Gürcüstan və Türkiyə) Litva istiqamətində “Vikinq” qatarı ilə, daha sonra Klaypeda limanı vasitəsi ilə Qərbi və Şərqi Avropaya getməklə Avropa-Çin marşrutu üzrə yükdaşımalarda tərəfdaşıq məsələsini nəzərdən keçirməyi təklif edir”.
Nazirlikdən bildiriblər ki, ölkələrimiz avtomobil və yükdaşımaları sahəsində əməkdaşlığı genişləndirmək və Azərbaycanla Litva hökumətləri arasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir:
“Həmçinin, ölkəmiz Azərbaycan hökuməti ilə Litva hökuməti arasında dəniz daşımaları haqqında sazişin layihəsinin razılaşdırılması prosesini davam etdirir”.