Sentyabrın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, onlayn iclası idarə edən komitə sədri Bəxtiyar Əliyev həmkarlarına qarşıdan gələn payız sessiyasında uğurlar arzulayıb.
Sonra 2020-ci ilin payız sessiyası üçün komitənin qanunvericilik işləri planı müzakirə edilib. B.Əliyev payız sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə danışıb. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. İclasda komitənin iş planı təsdiqlənib.
Sonra komitəsədri “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumatı birinci oxunuşda diqqətə çatdırıb.
Qanun layihəsinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dövlətbaşçısının 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlandığını deyib. Sənədin valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıdığını vurğulayıb. Bildirilib ki, təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Onlayn iclasda Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə edilib.
Bildirildi ki, sözügedən sənədlərə təklif olunan dəyişikliklər 12 iyun 2018-ci il tarixli və “Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma xarakteri daşıyır. Yeni sənədin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə xitam verilməsi mexanizmləri, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan təhsil müəssisəsi rəhbərinin müavininin Azərbaycan vətəndaşı olması, ümumi təhsillə bağlı normaların təkmilləşdirilməsi, günüuzadılmış qrupların təşkili qaydalarını müəyyən edəcək.
Sonra onlayn iclasda İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə birinci oxunuşda baxıldı. Bildirilib ki, qanun layihəsi “Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə məsuliyyəti tənzimləyir.
Onlayn iclasın sonunda müzakirəedilən qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.