Home Manşet “Ən yaxşı nümunə öz şəxsi davranışlarından başlayır” deyiminə əsaslansaq cənab Prezident və...

“Ən yaxşı nümunə öz şəxsi davranışlarından başlayır” deyiminə əsaslansaq cənab Prezident və Birinci xanım hər kəsə nümunə oldular

590
0
SHARE

Azərbaycanda koronavirus (COVİD-19) başladığı ilk gündən etibarən  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün lazımi addımlar atıldı, dövlətin bütün resursları və imkanları insanlarımızın sağlamlığının qorunması istiqamətində səfərbər olundu.  Məhz həyata keçirilən qabaqlayıcı və sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qayda və qanunlara əməl edilməsi nəticəsində bu istiqamətdə müsbət nəticələr əldə edildi. Bu istiqamətdə  qəbul edilən  qanunların nəticəsidir ki, hazırda Azərbaycan yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə, dünyada  ən yaxşı nəticələr əldə edən  ölkələr sırasındadır. Karantin və xüsusi sərt karantin rejimi tətbiq edilməsəydi, məhdudlaşdırmalara, qadağalara gedilməsəydi, bu gün biz olduqca böyük itkilərlə üz-üzə qala bilərdik. Belə ki, Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürmüş, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlamış, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll etmişdir. Cənab Prezidentin  həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı ən ümdə amal, vəzifədir və bu məqsədə nail olmaq üçün də bütün vasitələrdən istifadə olunur.

Əhalinin böyük hissəsi artıq dövlətimizin tövsiyə etdiyi yeni şəraitə uyğunlaşır və bunu həyat tərzi kimi qəbul edir. Bu amil isə vətəndaşların dövlətin səsinə səs verməsindən və ölkəmizdə hökm sürən iqtidar-xalq vəhdətindən xəbər verir. Eyni zamanda, qürurverici haldır ki, ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizədə də tarix yazmağa, dünyaya bir model, nümunə kimi  müvəffəq oldu.  Əgər koronavirusla mübarizə bir müharibədirsə, Azərbaycan bu müharibədə müzəffər tərəfdir. Azərbaycan dövləti  Ümumdünya Səhiyyə Təşkilatına, eyni zamanda, onlarla ölkəyə koronavirus pandemiyası ilə mübarizədə həm mənəvi, həm də maddi dəstək göstərdi. Koronavirusa qarşı mübarizədə BMT Baş Assambleyasına çağırış edən Azərbaycana həm mötəbər qurumun rəhbərliyi, həm də 130-dan çox ölkə tərəfindən dəstək nümayiş etdirilərək,  Baş Assambleyanın xüsusi sessiyası çağırıldı. Heç şübhəsiz ki, bu amil Azərbaycan dövlətinin beynəlxalq aləmdə mövcud olan nüfuzunun və xüsusilə də cənab Prezident İlham Əliyevin şəxsinə göstərilən diqqət və rəğbətin bariz nümunəsidir.

Dünya dövlətlərinin əksəriyyətinin  iqtisadiyyatı koronavirusla mübarizədə məğlub olsa da, dünya bir daha Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çevik və praqmatik siyasətin şahidi oldu. Eyni zamanda, istər beynəlxalq təşkilatlar, istərsə də ayr-ayrı dövlətlər bir daha gördülər ki, Azərbaycan təkcə sözdə deyil, əməldə də hər zaman humanist siyasət yürüdür, çətin, bəşəriyyətin sınağa çəkildiyi məqamlarda əməkdaşlıq və  tərəfdaşlıq etdiyi beynəlxalq qurumların, dövlətlərin yanındadır. Bu amilin özü isə bizim nəinki bir dövlət , eyni zamanda, xalq olaraq uğurumuz sayılmalıdır. Mənfur qonşumuz Ermənistanın terroru dövlət səviyyəsinə çatdırdığı bir məqamda Azərbaycanın bu cür təqdirəlayiq addımlar atması dünya birliyinin bu iki ölkə və xalq arasında olan fərqini bir daha açıq-aydın sübut edir.

Dövlət  başçımıza,  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Nazirlər Kabineti yanında Operativ Qəragah, günümüzün qəhrəmanlarına çevrilən fədakar və qayğıkeş səhiyyə işçilərimizə həm minnətdar, həm də borclu olmalıyıq. Hər zaman olduğu kimi, bu məsələdə də nəinki ölkənin Birinci xanımı kimi, eyni zamanda, bir ana, nənə, bacı kimi xüsusi həssaslıq göstərən Mehriban xanım Əliyevanın xalqa müraciəti  də misilsiz, olduqca nəcib və dəyərlidir. Ölkə Prezidenti dəfələrlə xalqımıza çağırış edərək insanlarımızı sosial məsuliyyətə, milli həmrəyliyə səsləməklə yanaşı, eyni zamanda hər kəsi tibbi maskalardan istifadə etməyə səslədi.Ən yaxşı nümunə öz şəxsi davranışlarından başlayır”– deyiminə əsaslansaq cənab Prezident və Birinci xanım bütün tədbirlərdə, qapalı məkanlarda sosial məsafəni gözləməklə və tibbi maskalardan istifadə etməklə hər kəsə nümunə oldular. Eyni zamanda, Azərbaycan bu işdə də bir ilkə imza atdı və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Fondun ilk dəfə ölkəmizdə yaradılması dünyanın digər ölkələrini də Azərbaycandan nümunə götürməyə sövq etdi.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqqlarını bu fonda ianə etmələri xalqımız tərəfindən, sözün əsil mənasında, vətəndaşlıq nümunəsi kimi qəbul edildi. Məsələyə dərhal çevik və adekvat reaksiya verən Azərbaycan pandemiya elan olunan kimi  dövlət sərhədlərini bağladı ki, bu da hazırkı  müsbət nəticə əldə olunmasında olduqca önəmli addım idi.

Ölkəmizdə  xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılmış,  son vaxtlar  yoluxma hallarının sayında azalmaya nail olunmuşdur. Vətəndaşlarımızın dövlətin səsinə səs verərək, onun tətbiq etdiyi qaydalara əməl etməsi postların yığışdırılması, ictimai iaşə obyektlərininin daxilində xidmətə icazə verilməsi, rayonlara gediş-gəlişin bərpa olunması və infeksiyanın yayılması ilə bağlı vəziyyətin nəzarətdə saxlanması ilə nəticələndi. Bu yumşalmalar heç şübhəsiz ki, həyata keçirilən düşünülmüş siyasətin nəticəsidir. Mövcud yumşalmalara baxmayaraq,  bu gün də bütün hallarda tətbiq edilən qaydalara riayət olunmalıdır.

Bəşəriyyəti bəlaya salan koronavirus kabusunun acı fəsadlarının davam etdiyi bir vaxtda ölkəmizdə sosial layihələr və islahatlar da uğurla davam etdirilir, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı, gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılmışdır. Əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş vermişdir. Məşğulluq orqanlarının fəaliyyəti gücləndirilmiş, DOST İş Mərkəzi vasitəsi ilə ödənişli ictimai iş yerinin yaradılması bu istiqamətdə görülmüş ən mötəbər işlərdən biri kimi dəyərləndirilməlidir. Ümumilikdə, ictimai iş yerlərinin sayı artırılmış,  işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilib. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil edildi.

Azərbaycan dövləti qarşıdan gələn dövrdə də əhalinin sosial tələbatlarının qarşılanması, iqtisadi stabilliyin qorunması və əhalinin sosial problemlərinin həlli üçün əlavə tədbirlər görmək gücündə və iqtidarındadır. Hər kəs bilməlidir ki, atılan hər bir addım, qəbul edilən qərarlar  bizim sağlamlığımızın qorunması üçündür Bunlara əməl etmək bizim insanlıq borcumuz və vətəndaşlıq amalımızdır.

Görülən tədbirlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” – fikrilərinin bariz təzahürüdür.

Şəbnəm HƏSƏNOVA,
Politoloq