Home Manşet Şəbnəm Həsənova: Ermənistanın işğal siyasəti fonunda İslam həmrəyliyinin möhkəmləndirilməsi mühüm məsələdir

Şəbnəm Həsənova: Ermənistanın işğal siyasəti fonunda İslam həmrəyliyinin möhkəmləndirilməsi mühüm məsələdir

592
0
SHARE

Son bir neçə ilə nəzər yetirdikdə cənab Prezident İlham Əliyevlə Prezident Ruhani arasında 10-dan çox görüşün baş tutması, eyni zamanda görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar İran və Azərbaycanın bir-birinə daha da yaxınlaşmasından xəbər verir. Azərbaycan və İran müxtəlif sahələr üzrə əməldaşlıq edir. Eyni zamanda, bu iki dövlət BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mövqeyini dəstəkləyir. Ermənistanın Azərbaycana qarşı törətdiyi Tovuz təxribatı ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmiş və açıqlamalar vermişdir ki, İran İslam Respublikası da sözügedən iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir.

Prezident İlham Əliyevin İran səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul etdiyi zaman söylədiyi fikirlər də nəinki bu iki ölkəni, eyni zamanda bütün İslam aləmini maraqlandıran məsələlərdir. Çünki Azərbaycan hər zaman İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verən, eyni zamanda bu istiqamətdə böyük səylər göstərən bir dövlətdir. Bundan əlavə, Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazır bir ölkədir.

İslam aləminin bir parçası olan Azərbaycana qarşı Ermənistan tərəfindən yürüdülən işğalçılıq və Azərbaycanafobiya təkcə Azərbaycanı yox, ümumilikdə İslam aləmini də ciddi şəkildə narahat etməli və bu məsələnin həlli istiqamətində İslam dünyası tərəfindən əməli dəstək və mövqe nümayiş olunmalıdır. Çünki heç kəsə sirr deyil ki, Azərbaycanın tarixi-dini abidələri Ermənistan tərəfindən dağıdılmış, dini abidələrimiz təhqir edilmişdir. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılmaqla kifayətlənməmiş, hətta bəzi məscidlərdə heyvan da saxlanılır. Bu isə təkcə Azərbaycana qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən təhqir və cinayətdir. Bu iyrənc və insanlığa uzaq olan əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar mövcuddur.

Beynəlxalq hüquq müstəvisində Azərbaycanın işğqal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Bu baxımdan da bütün sadalanan faktları da nəzərə alaraq düşünürəm ki, Ermənistanın işğal siyasəti fonunda İslam həmrəyliyinin möhkəmləndirilməsi olduqca mühüm məsələdir.

Şəbnəm HƏSƏNOVA

Politoloq