Home Manşet Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının detalları

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının detalları

596
0
SHARE

Sentyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Trend-in məlumatına görə, komitənin sədri Əli Hüseynli yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik etdi və onlara qarşıdakı payız sessiyasında uğurlar arzuladı.

İclasda əvvəlcə 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə qısa nəzər salındı. Əli Hüseynli vurğuladi ki, ötən dövrdə komitə gərgin işləmiş, keçirilən iclaslarda 127 məsələ müzakirə olunmuşdur ki, bunlardan da 117-si Milli Məclisin plenar iclasına tövsiyə edilib və əksəriyyəti qəbul olunub. Hesabat məqbul hesab edildi.

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Bildirildi ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan sənədlər, digər qanunlara əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirəsi daxil edilib. Komitə üzvləri Qüdrət Həsənquliyev, Azay Quliyev, Erkin Qədirli, Nizami Səfərov, Bəhruz Məhərrəmov müzakirə ediləcək sənədlərlə ilə bağlı fikirlərini açıqladilar, təkliflər bildirdilər. İş planı təsdiq edildi.

Sonra iclasda birinci oxunuşda “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxıldı. Komitə sədri vurğuladı ki, bu medalla həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabit və gizirlər, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular, ehtiyatda olan və istefaya buraxılmış hərbiçilər, həmin orqanda səmərəli fəaliyyət göstərən mülki işçilər, habelə bu sahədə xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. İclasda iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev yeni təsis edilən medalın bu sahədə fəaliyyət göstərən insanların ruh yüksəkliyinin artırılmasında rolu olacağını vurğuladı, təmsil etdiyi qurum adından minnətdarlığını ifadə etdi.

Komitədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə birinci oxunuşda baxıldı. Bildirildi ki, sənədə texniki xarakterli dəyişiklik təklif edilib.

Sonra iclasda Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə edildi. Komitə sədri vurğuladı ki, sözügedən qanunlarda nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs statusunda Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial müdafiə Fondu, Dövlət Tibbi-Ekspertiza və Reabilitasiya Agentliyi, həmçinin Sosial Xidmətlər Agentliyi həyata keçirəcəkdir.

Əli Hüseynli Əmək Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikləri birinci oxunuşda təqdim edərkən bildirdi ki, sənədlər “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilməsi barədə 5 mart 2019-cu il tarixli qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır. 18 yaşına çatmamış şəxslərin mənəvi-əxlaqi tərbiyəsinin və sağlam gəncliyin formalaşması istiqamətində kompleks tədbirlər keçirilməsini, uşaqlara tütün məmulatları və alkoqollu içkilərlə bərabər energetik içkilərin satışının, onların idman-mərc oyunlarında iştirakının qadağan edilməsi sahəsində məhdudiyyətləri ehtiva edir.

Müzakirəyə birinci oxunuşda təqdim edilən Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar Məcəllələrinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişikliklərin isə “Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli qanun layihəsinə uyğunlaşdırma məqsədi ilə hazırlandığı bildirildi.

Sonra Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə birinci oxunuşda baxıldı. Qeyd olundu ki, sənədlər “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli və “Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma məqsədi ilə hazırlanmışdır. Ümumi təhsil, peşə təhsili, məktəbəqədər təhsil, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili ilə bağlı normaları, qanunlarda edilən termin və ifadə dəyişikliklərini nəzərdə tutur.

Sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) danışarkən bildirdi ki, “Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanmışdır. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə əmək müqaviləsi bağlanılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcəklər.

İclasın sonunda müzakirə edilən bütün qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alındı.