Home Manşet Tonyukuk abidəsinin 1300 illik yubileyi münasibətilə onlayn görüş keçirilib

Tonyukuk abidəsinin 1300 illik yubileyi münasibətilə onlayn görüş keçirilib

691
0
SHARE

Bu ilin sentyabrın 10-da YUNESKO üzrə Türkiyə Milli Komissiyasının təşkilatçılığı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan Milli Komissiyaları, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, Türkiyə dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə Tonyukuk abidəsinin 1300 illik yubileyi münasibətilə onlayn görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Milli Komissiyanın Baş katibi Elnur Sultanov təmsil edib. O, çıxış edərək, Tonyukuk abidəsinin əhəmiyyətindən danışıb, bu abidənin 1300 illiyinin 2020-ci il üçün YUNESKO-nun Yubileylər Proqramına daxil edilməsinin əlamətdar hadisə olduğunu bildirdi, eləcə də türkdilli xalqların mədəni abidələrinin öyrənilməsi, tanıdılması və təşviqinin Azərbaycan mədəniyyət siyasətinin diqqət ayrılan istiqamətlərindən biri olduğunu qeyd etdi.

Türk dünyasının zəngin mədəni irsinin qorunması və təşviqi sahəsində əməkdaşlıqdan bəhs edən E.Sultanov hələ 1997-ci ildə Kitab-i Dədə Qorqud dastanının 1300 illik yubileyinin qeyd olunması barədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən fərman imzalandığını, bu əlamətdar hadisənin YUNESKO-nun Yubileylər Proqramı çərçivəsində, 2000-ci ildə isə Bakıda türkdilli ölkələrin rəhbərlərinin və YUNESKO Baş direktorunun iştirakı ilə qeyd olunduğunu vurğuladı. O, Türk dünyasının ortaq maddi və qeyri-maddi mədəni irsinin qorunması və təşviqi istiqamətində gələcək əməkdaşlıq üçün mövcud perspektivlərdən bəhs etdi və təkliflərini irəli sürdü.

O, həmçinin tədbir iştirakçılarına görkəmli yazıçımız, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin 2020-ci il üçün YUNESKO-nun Yubileylər Proqramına daxil edilməsi, bu yubileyinin qeyd edilməsi barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam imzalandığı, eləcə də bu istiqamətdə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verdi.

E.Sultanov ölkəmizin YUNESKO ilə münasibətlərinin möhkəmləndirilməsi siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd etdi. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın YUNESKO dəyərlərinin təbliğində, dünya irsinin qorunmasında, abidələrin bərpasında, mədəniyyətlərarası dialoqun, təhsilin, gender bərabərliyinin təşviqində və digər sahələrdə müstəsna xidmətlərini vurğuladı.

E.Sultanov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasətinin həyata keçirildiyini, bu torpaqlarda yerləşən türk dünyasının ortaq mədəni irsi olan abidələrin Ermənistan tərəfindən vəhşicəsinə dağıdıldığı, mənimsənildiyi, tarixi və mahiyyətinin dəyişdirildiyini diqqətə çatdırdı və bunun qarşısının alınması məqsədilə türkdilli dövlətlərin birgə səylərinin mühüm əhəmiyyətini vurğuladı.

Çıxış edən digər tədbir iştirakçıları türk dünyasının ortaq mədəni irsi olan abidələrin əhəmiyyəti, Tonyukuk abidəsinin türk tarixi və mədəniyyəti üçün önəmi, onun qorunması və təşviqi ilə bağlı görülən işlərdən, habelə YUNESKO çərçivəsində birgə əməkdaşlığın vacibliyindən bəhs etdilər.

Sonda akademik dairələrin təmsilçilərinin iştirakı ilə geniş müzakirələr keçirildi.