Home Cəmiyyət Hikmət Babaoğlu: Dilimizi qorumaq milli kimliyimizi, varlığımızı qorumaqdır

Hikmət Babaoğlu: Dilimizi qorumaq milli kimliyimizi, varlığımızı qorumaqdır

860
0
SHARE

Dil əslində ünsiyyət hadisəsindən daha çox təfəkkür hadisəsidir. Çünki ünsiyyət bəzən dilsiz də baş tutur. Mənşəcə eyni kökdən gələn dil ondan əvvəlki mərhələdə mövcud olan intiutiv duyumla baş tutan ünsiyyətin, yəni dilsiz ünsiyyətin bir sonrakı mərhələsi kimi meydana çıxmış və boğzın anatomik quruluşunda inqilab yaradacaq qədər təkamül etmişdir. Bu isə əslində elə insanlığın təkamülü hadisəsidir. İnsanların nəyə görə duyum və göz vasitəsilə ünsiyyətdən imtina etmələrinin səbəbi onların biri-birilərindən düşündüklərini gizlətmək məqsədilə edilmişdir. İnsanlar gözlərini biri-birindən yayındıraraq qırıq səslər çıxartmaqla ünsiyyət qurmağa üstünlük veriblər. Beləliklə, səslər və sözlər yaranıb. İlkin mərhələdə boğazın anatomik quruluşu müsaid olmadığı üçün yalnız təkhecalı sözləri tələffüz edə bilmişik. Ona görə də bu sözlər ən qədim sözlər sayılır və həm də ən vacib sözlər. Məsələn ov, ev, ox, at, ət və s. Sonrakı mərhələdə daha mürəkkəb və çoxhecalı sözləri düşünə bilmişik və idrak hadisəsi baş vermişdir. Səsin hərfə çevirilməsi, yəni yazı isə lap sonrakı hadisədir. Bəzən indi də deyirik ki, fikirlərini gözlərindən oxudum ya da ürəyini oxudum. Bu qədim keçmişdəki ünsiyyət formamızın acizanə xatırlanması kim bilir bəlkə də təəssüf və peşmançılıqla dil tariximizə qısa ekskursiyamızdır. Ancaq məsələ həm də ondadır ki, dil daha sonrakı tarixi təkamül prosesində millətləri yaratdı. Yəni, dil tarixən də, bu gün də milli kimliyi təyin edən vasitədir! Ona görə də ana dilindən imtina edən əslində gec ya da tez milli kimliyindən də imtina etmiş olur. Bir qədər sonra dil mədəni imperializmin silahına çevrildi. Yəni bir panidealist xalqın digər xalq üzərində dominantlığını təmin edən vasitə oldu. Yəni bir xalqın digərini özünün köləsinə çevirməsini təmin etdi. Sosiologiya izah edir ki, fərd hansı dilin daşıyıcısıdırsa elə o millətə də mənsubdur! Yəni sosial varlıq olan insan hansı dildə düşünürsə, o dildə yaradılan mədəniyyətin varisidir. Ona görə də dilimizi qorumaq milli kimliyimizi qorumaqdır, varlığımızı qorumaqdır. Əlbəttə, başqa dilləri öyrənmək və mükəmməl öyrənmək lazımdır, hətta mümkün qədər daha çox dili öyrənmək lazımdır. Tutaq ki, rus dilini öyrənmək yaxşıdır, ancaq o dərəcədə yox ki, sənə rusdilli desinlər, ingilis dilini də öyrənmək lazımdır ancaq elə etmək lazımdır ki, bu dili mükəmməl bilmək sənə ingilisdilli deməyə əsas yaratmasın. Sadəcə desinlər ki, filankəs rus yaxud ingilis dilini yaxş bilir, vəssalam ! Qaldı ki, dili bilməklə milli maraqları qorumaq arasındakı mütənasibliyə, əzizlərim, bunlar heç də həmişə düz mütənasib olmur! Rus dilini nə qədər mükəmməl bilsəniz Siz Rusiyada ermənilər kimi öz ölkənizin maraqlarını müdafiə edə bilməyəcəksiniz. Birincisi ona görə ki, həmin dildə milli maraqları qorumaq üçün öz xalqın haqqında lazım olan bilgiyə sahib olmalısan ki, bu da dediyimiz kimi daha çox milli təfəkkür hadisəsidir. Siz isə daşıyıcı olduğunuz dilin varisi olduğunuza görə bunu edə bilməyəcəksiniz. İkincisi ona görə ki , sadəcə bunu etməyə sizə icazə verməyəcəklər. Çünki imperializimin sizə və ermənilərə münasibəti tamamilə fərqlidir. Hamı kimin dost, kimin düşmən olduğunu özü üçün lap çoxdan müəyyənləşdirib. Elə ən son erməni təxribatı dediyimiz Tovuz hadisəsindən sonra ən yeni siyasi tariximizin reallıqları, Erməniistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni situasiya bir daha aydın göstərdi ki, regionda kim kimin dostu, kim kimin düşmənidir! Düşmənlərə qarşı yeganə silahımız isə milli gücümüz, milli birliyimiz, bir millət iki dövlətimizdir. Dil məsələsi isə bu kontekstdə qiymətləndirilməli olan strateji yumşaq gücdür. Ona görə də böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycn dilini bilmədən azərbaycanlı olmaq mümkün deyil!