Home Cəmiyyət Şəbnəm Həsənova: Ermənistanın işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparması ASALA terror siyasətinə...

Şəbnəm Həsənova: Ermənistanın işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparması ASALA terror siyasətinə xidmət edir

720
0
SHARE

Suriya və Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə tamamilə ziddir. Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, eyni zamanda nəzərə alsaq ki, Livan daim terrorçuların kök saldığı bir yer olub, məsələnin ciddiliyi daha da təhlükəli xarakter alır:

“Çünki buradan köçürülən ailələrin içərisində də terrorçuların ola bilmə ehtimalı böyükdür. Tarixə nəzər saldıqda isə, bu faktlarla təsdiqlənir. Belə ki, dünyanın müxtəlif yerlərində terror aktları törətmiş, türk diplomatlarını qətlə yetirmiş erməni terror təşkilatı ASALA da məhz Livanda yaradılmışdı. Bu isə ermənilərin adət etdiyi klassik bir metoddur.

İşğal olunmuş tarixi torpaqlarımızda Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti bu dövlətin işğalçı mahiyyətini bir daha sübut edir. Üstəlik, bu məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Lakin düşünürəm ki, məsələnin tək qeydə alınması kifayət etmir və Azərbaycan tərəfini qəti şəkildə qane etmir. ATƏT Ermənistanın bu əməllərinin qarşısının alınması istiqamətində konkret tədbirlər görməlidir.

Şübhəsiz ki, Ermənistanın bu cür davranışları, danışıqlar prosesinə kölgə salmaqla kifayətlənmir, eyni zamanda beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozulması deməkdir.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar olaraq ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyətsizliyini dilə gətirmiş, Azərbaycan dövlətinin və xalqının haqlı narazılığını səsləndirib. Başa düşülməlidir ki, Azərbaycanın əzəli və tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşma siyasəti və iqtisadi fəaliyyət həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxarda bilər. Ermənistan tərəfindən atılmış bu addım olduqca təhlükəlidir. Azərbaycan tərəfi isə belə təhlükələrin qarşısını almaqda qətiyyətlidir”.