Home Manşet Şəbnəm Həsənova: Azərbaycana irad tutan dairələr Qərbin inkişaf etmiş ölkələrində vəziyyətə nəzər...

Şəbnəm Həsənova: Azərbaycana irad tutan dairələr Qərbin inkişaf etmiş ölkələrində vəziyyətə nəzər yetirsələr daha obyektiv olarlar

434
0
SHARE

Bu gün bir sıra xarici ölkələrdə, o cümlədən də ABŞ və digər inkişaf etmiş Avropa dövlətlərində vətəndaşların dinc aksiyalarına qarşı şiddət və güc tətbiq olunduğunu görürük.  Dünyanın qabaqcıl Avropa ölkələrindən biri olan Fransada polis orqanları ölkədə ictimai sabitliyi təmin etmək üçün hətta ifrat dərəcədə güc tətbiqindən belə çəkinmir.

Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Son günlər də dünya ictimaiyyəti tərəfindən müzakirə olunan məsələ Fransada “sarı jiletlilər”in aksiyaları zamanı polis zorakılığı barədə çoxsaylı foto və videotəsvirlərdir. Bundan əlavə, ABŞ-da, Britaniyada, Almaniyada, İspaniyada və digər Qərb ölkələrində kütləvi aksiyalar zamanı polislərin etirazçılara qarşı amansız davranışlar sərgilədiyinin şahidi oluruq. Davamlı olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, təhqir edilir, hətta öldürülür, onların üstünə itlər göndərilir, atlarla insanları əzirlər.

ABŞ-da, Avropa ölkələrində insan hüquqlarının pozulması həddində ifrat polis zorakılıqlarını, polislərin ağır fəsadlara yol açan hərəkətlərini görməzdən gələn, “qeydə almayan”, özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən beynəlxalq təşkilatlar və qurumlar Azərbaycanda polislərin qanuni tələblərinə tabe olmayanlara qarşı tədbirləri qəsdən konteksdən çıxarır, fərqli don geyindirir, tam fərqli biçimdə qələmə verməyə, təqdim etməyə çalışırlar. Xırda bir məsələnin ucundan tutur, hər fürsətdə Azərbaycana qarşı iftira, böhtan qarayaxma kampaniyasına başlayırlar.

Azərbaycan polisi vətəndaşlarla rəftarında hər zaman nəzakətli və təmkinli olmağa çalışır, insanları qanuna tabe olmağa səsləyir. Azərbaycan polisi peşə fəaliyyətində güc tətbiqini ən son məcburiyyət kimi qəbul edir. Bakıda keçirilmiş son aksiyalar da bir daha bu reallığı açıq və aydın şəkildə göstərdi.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan polisləri ölkənin sabitliyi, əmin-amanlığı, vətəndaşların təhlükəsizliyi üçün böyük fədakarlıq nümayiş etdirir və bu, ölkə ictimaiyyəti tərəfindən də olduqca təqdir edilir.

Xarici ölkələrdə, Avropanın aparıcı ölkələrində isə əksinə olaraq hüquq mühafizə orqanları güc amilindən geniş istifadə edir, dinc aksiyalar dağıdılır, insanlara qarşı şiddət tətbiq olunur. Bu azmış kimi polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilir. Düşünürəm ki, Azərbaycana irad tutan dairələr Qərbin inkişaf etmiş ölkələrində vəziyyətə nəzər yetirsələr daha obyektiv olarlar.

 

 

Şəbnəm HƏSƏNOVA

Politoloq