Dövlət İmtahan Mərkəzi 2020-ci il sentyabrın 10-da dövlət qulluğuna qəbul üzrə keçirilmiş imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və TQDK-nın (DİM-in) əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 1312 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzinin) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbul olmuşdur. Bu şəxslərdən 602 nəfər (45.9%) imtahandan uğurla keçmişdir
0-100, 101-200, 201-300, 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 16.7%-i, 18.2%-i, 32.8%-i, 43.5%-i, 50.0%-i, 59.4%-i, 81.3%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.
Qeyd edək ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 105 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) xətti ilə qəbul olmamışdır. Onlardan yalnız 24 nəfər (1.7%) imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 13 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 11 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirmişdir.