Home Manşet “Adaya Türk müdaxiləsi olarsa bu Helenizmin sonu olacaq”

“Adaya Türk müdaxiləsi olarsa bu Helenizmin sonu olacaq”

754
0
SHARE

“Yunanıstan və Türkiyə arasında sərhəd kəndlərindən biri sayılan Yeni Bosniya (Nea Vissa) kəndində Yunanıstan tərəfi böyük bir xaç asdı. Hətta çarmıx strateji olaraq Türkiyədən görünə bilinəcək formada işıqlandırılıb. Düşünürəm ki, bu xaç məsələsi Yunanıstanın Türkiyəyə qarşı yönəlmiş növbəti təxribatı idi. Bölgədəki hərbiçilərin və səlahiyyətli şəxslərin qatıldığı mərasimdə kahinlərin müşayiəti ilə “Türklər bunu hər dəfə görəndə bizi xatırlayacaq” deyə xaça dualar da edildi. Yunan mediasının da hadisəni geniş şəkildə işıqlandırması Afina rəhbərliyinin Şərqi Aralıq dənizində gərginliyi artırmaq cəhdindən xəbər verir. Yunanıstan və Türkiyənin müharibənin eşiyinə gəlməsinin səbəbləri nədir? Heç şübhəsiz ki, tarixə nəzər yetirdiyimiz Türkiyə ilə Yunanıstan arasındakı hərbi gərginliyin mərkəzində Lozanna Müqaviləsinin yaratdığı qanuni və hüquqi boşluqlar dayanır. Müqavilə imzalandığı 1923-cü ildə adaların iqtisadi bölgəsi, kontinental şelfi və hava məkanı kimi təriflər olmadığından, Yunanıstan bu vəziyyəti uzun illər öz lehinə istifadə edib”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, məsələnin maraqlı hissəsi ondan ibarətdir ki, Cənubi Kipr Respublikasının Prezidenti Anastasiadis Yunanıstanda yayımlanan bir televiziyaya verdiyi açıqlamada Aralıq dənizindəki gərginliklə əlaqədar “Türk Ordusu ilə hərbi rəqabətə girə bilmərik” ifadələrini istifadə edərək bildirib ki, “Adaya (Kiprə) bir Türk müdaxiləsi olarsa, bu Helenizmin sonu olacaq”. Yunan mütəxəssislər isə konfranslarında saatlarla Türk donanmasından, onun gücündən danışırlar. Yunan təhlükəsizlik mütəxəssisləri, proqramlarında Türk müdafiə sənayesinin favoriti olan yerli və milli alətlərdən də həsədlə bəhs edirlər. Bu mütəxəssislərdən biri “Türklər bu sistemləri xarici asılılığa son qoymaq üçün özləri istehsal etdi. Yunanıstanda bu sistemlərə qarşı bir şey istehsal edə bilərdi, amma hələ bir plan və hətta proyekt də yoxdur” deyə bir növ Türkiyəyə qarşı gücsüzlüklərini açıq şəkildə etiraf etmiş oldular. Məsələ ilə bağlı Prezident Ərdoğan Yunanıstana ironiyalı bir açıqlama verərək “Ayağa qalxıb adaları “bürclərlə” gəzirlər” dedi. Yunanıstanla yaşanan gərginliklə bağlı Ərdoğan, “Yeri gəldiyi zaman “qonşu, qonşu, qonşu” deyirsiniz. Elədirsə qonşuluğunuzu edin. Səhv yolu tutmayın, sonra tək qalacaqsınız” deyə maraqlı, sətiraltı bir mesaj da göndərdi. Düşünürəm ki, Ərdoğanın bu mesajı yalnız Yunanıstana deyildi, eyni zamanda onun havadarlarına, daha dəqiq desək Şərqi Aralıq dənizində gərginliyin artmasında maraqlı olan Fransaya da bir mesaj idi”.

Politoloq bildirib ki, Türkiyənin Müdafiə naziri Hulusi Akarın da qeyd etdiyi kimi bu xaç məsələsi də Fransanın planıdır: “Fransa alovun üstünə benzin tökməyə davam edir. Bu da təbii ki, Fransanın istismar siyasətindən irəli gəlir. Fransa Avropa İttifaqının xarici siyasətinin mərkəzinə Aralıq dənizini yerləşdirmək niyyətindədir. Səbəbi isə heç şübhəsiz ki, bu bölgənin enerji resurslarını zəbt etməkdən ibarətdir. Məqsəd aydındır, Fransa şirkətləri vasitəsilə enerji resurslarını Avropaya, oradan da Afrikaya satmaq layihəsini reallaşdırmaqdır. Bu səbəbdən də istəyi odur ki, Türkiyəni mümkün qədər regionda sıxışdırsın. Türkiyənin isə bir dövlət kimi illərdir formalaşdırdığı xarici siyasət kursu və bu kursun prioritet istiqamətləri var ki, atdığı qətiyyətli addımlarla heç bir dövlətə güzəştə getmək niyyətində deyil. Türkiyənin beynəlxalq münasibətlər sisteminin müstəqil və qətiyyətli oyunçu kimi davranışı Fransanı razı salmır. Bu səbəbdən də Fransa Türkiyəyə qarşı hücumçu mövqe qismindədir. Türkiyənin Fransanın diqtəsini qəbul etməməsi Fransanın regionla bağlı bütün planlarını alt-üst edir. Müəyyən siyasi dairələri tərəflərin hərbi toqquşmaya gedib-getməyəcəyi və belə olan təqdirdə tərəflərə münasibətdə NATO-nun mövqeyi maraqlandırır. Onu deyə bilərəm ki, Türkiyə NATO-ya 1952-ci ildə üzv oldusa, Yunanıstan 1974-cü ildə Kipr Böhranından sonra NATO-nun hərbi qanadından çəkildi, yenidən 1980-ci ildə geri döndü. Əgər hər iki dövlət NATO-nun üzvü olmasa idi o zaman bu iki dövlət arasında dəfələrlə baş verən anlaşmazlıqlar və gərginliklər nəticədə silahlı toqquşmaya gətirib çıxarda bilərdi. Lakin hər iki dövlətin NATO-ya üzvlüyü sonda bu ziddiyyətlərin tənzimlənməsi ilə nəticələnir. Belə ki, NATO üzvlüyü tərəflər arasında hərbi münaqişəni istisna edir”.

Ş.Həsənova vurğulayıb ki, NATO nizamnaməsinin 4-cü maddəsinə əsasən NATO-nun bir üzvünün ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə təhdid yarandığı zaman üzv dövlətlər ümumi müzakirələrə, məsləhətləşmələrə başlayırlar: “NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən isə NATO-nun üzv dövlətlərindən birinə hücum ya müdaxilə digərlərinə hücum və müdaxilə kimi qiymətləndirilir. Həm Yunanıstan, həm Türkiyə NATO üzvü olduqları üçün indiki məqamda hərbi münaqişə qeyri-mümkündür. Üzv ölkələr arasında bu istisna haldır. Yox, əgər Yunanıstan bu məsələni daha da alovlandırsa, eskalasiyada maraqlı olsa o zaman nəticə etibarilə biz formaca bizim bildiyimiz, lakin məzmunca bizim tanıdığımız kimi olmayan bir NATO-nun şahidi olarıq. Hər halda hesab edirəm ki, əgər doğrudan da bu məsələ müharibə ilə nəticələnsə o zaman NATO yoxdur deməkdir, Bu isə NATO-nun sonunun başlanğıcı hesab oluna bilər”.