Home Manşet Azər Badamov: “Əsrin müqaviləsi” Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə...

Azər Badamov: “Əsrin müqaviləsi” Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir

727
0
SHARE

“Əsrin müqaviləsi” müasir Azərbaycan tarixində ölkənin gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir. Əgər Azərbaycan 1991-ci ildə Sovetlər İttifaqının dağılmasından sonra rəsmən müstəqilliyini elan etmişdisə, “Əsrin Müqaviləsi” bu müstəqilliyin əməli və əbədi ifadəsi idi. Çünki Azərbaycan həmişə karbohidrogen ehtiyatları ilə zəngin olmuşdur. Sovetlər dövründə istehsal olunan neftin gəlirləri heç də Azərbaycanın inkişafına yönəlməmişdir. Müstəqil ölkə olmağımız isə bu resursların Azərbaycan xalqının rifahınıa xidmət edilməsinə imkan verdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, əgər biz “Əsrin müqaviləsi”nin imzalandığı dövrün mənzərəsinə diqqət yetirsək, görərik ki, dünyanın 11 aparıcı şirkətini Azərbaycana dəvət etmək, onları neft sənayemizin yeniləşməsinə sərmayə qoyulmasına inandırmaq heç də asan məsələ deyildi: “Ona görə ki, o dövrdə həm regionda siyasi sabitlik yox idi, həm də beynəlxalq arenada Azərbaycanın gələcəyinə qeyri müəyyənliklə baxırdılar. Bir tərəfdən torpaqlarımızın işğalı və qaçqın və köçkünlərin olması, müstəqilliyin ilk illərində ölkədaxili ziddiyyətlərin genişlənməsi, Gəncə hadisələri, ölkədaxili vəziyyətin vətəndaş müharibəsi səviyyəsinə gəlməsi beynəlxalq aparıcı şirkətləri ölkəmizə sərmayə qoyuluşundan çəkindirirdi. Amma ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün bunlara son qoyuldu və ölkədə dünyanın aparıcı neft istehsalçısı olan şirkətlərin rəhbərlərini inandıracaq bir mühitin formalaşmasına imkan verdi. Müqavilə sentyabrın 20-də imzalandı. Ölkəmizə 100 milyard dollarla sərmayə axını baş verdi. Bu sərmayələr həm neft sektorunu əhatə etdi, həm də qeyri-neft sektoruna yatırıldı və müasir Azərbaycanın inkişafının təməlləri formalaşmağa başlandı. Dünya praktikasında biz neft-qazla zəngin çoxlu ölkələrin necə acınacaqlı talelər yaşadığını da görmüşük. Amma Azərbaycanda dövlətin başında xalqa xidmət etmək misisiyasını öz öhdəsinə götürmüş bir liderin dayanması neft resurslarının milli sərvət olaraq xalqa xidmət etməyinə imkan vermiş oldu”.

A.Badamovun sözlərinə görə, neft kontraktının əhəmiyyətindən danışanda ölkənin iqtisadi – sosial inkişafına, siyasi təhlükəsizliyin təminatına, beynəlxalq siyasətdə mövqelərimizin möhkəmlənməsinə verilən töhfələrdən danışmamaq qeyri mümkündür: “Ölkənin iqtisadi həyatının inkişafında neft kontraktının rolu demək olar ki, müstəqil Azərbaycanı dünya ölkələri ilə enerji ixracı xətləri vasitəsilə birləşdirdi. Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzurum, indi isə Cənub Qaz Dəhlizinin inşası dünya enerji ixrac xəritəsinin yenidən qurulmasını gündəmə gətirdi. “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji təhlükəsizliyinin təminatında rolunu artırmaqla iqtisadi müstəqilliyimizi təmin etmiş oldu. Neft sənayemizin yenidən qurulması, sovetlər dövründə yararsız sayılaraq istismarı dayandırılmış yataqların fəaliyyətinin bərpası, dənizin daha dərin qatlarında qazma işlərinin aparılması və istehsal olnan məhsulların müstəqil şəkildə ixracının təşkili ölkəmizə milyardlarla dollar valyuta axınını təmin etmiş oldu. Məhz bu günə qədər çəkilmiş 17 min kilometr avtomobil yolları, Bakı-Tiblisi-Qars dəmir yolu tikilərək tarixi İpək Yolu marşrutunun bərpası, Silahlı Qüvvələrin müadafiə qabiliyyətinin güclənməsi, 3700-ə yaxın təhsil müəssisəsinin müasirləşdirilməsi, bütün regionlarda səhiyyə müəssisələrinin yenidən qurulması, qazlaşdırılma sahəsində tikinti işlərin davam etdirilməsi, yoxsulluğun və işsizliyin 5%-ə endirilməsi, içməli və suvarılma su probleminin həll olunması, elektrik enerji sisteminin yenilənməsi və yeni güclərin istifadəyə verilməsi, aqrar sektorun sıçrayışlı inkişafı, sənaye parklarının tikilməsi və sənaye potensialımızın artması, qeyri-neft məhsulları istehsal edilən yeni müəsisələrin istifadəyə verilməsi, ölkəmizin kosmik peyklərə sahib olması və digər məsələlər məhz ulu öndərin müəyyənləşdiridiyi neft strategiyasının xalqımıza və ölkəmizə verdiyi töhfələridir. Əməkhaqları və pensiyaların dəfələrlə artırılması, icbari tibbi müayinənin aparılması və insanların sosial rifahının yaxşılaşmasına xidmət edən addımların davamlı olması “Əsrin müqaviləsi”nin verdiyi töhfələrdəndir. Məhz neft strategiyası sayəsində ölkənin iqtisadi gücünün artması beynəlxalq arenalarda ölkəmizin çəkinmədən sözünü deməsinə və mövqeyimizi müdafiə edən dostların artmasına imkan vermişdir.

“Əsrin müqaviləsi”nin imzalanması regionda təhlükəsizliyi təmin etmiş oldu. Heydər Əliyevin imzası ilə təsdiq olunmuş bu müqavilə 26 il xalqımızın rifahına, ölkəmizin güclənməsinə xidmət etdi. 3 il əvvəl Prezident İlham Əliyevin imzası ilə yenidən təsdiq olunmuş 2-ci “Əsrin müqaviləsi” 2050-ci ilə qədər pay bölgüsü əsasında Azəri-Çıraq-Günəşli yataqlarının yenidən işlənməsinə və karbohidrogen resusrsların xalqımızın rifahına xidmət etməsinə imkan verəcəkdir. Heç kim bilmir ki, 2050-ci ildən sonra dünyada neftə tələbat hansı səviyyədə olacaqdır. Elim-texnika inkişaf etdikcə alternativ enerji vasitələrindən yararlanmaq imkanları artır və bu da dünyada neftə təlabatın azalmasına gətirib çıxarır. Ona görə də məhz təsdiq olunmuş kontraktlarla neft və qazın istehsalı və ixracı ölkəmizin iqtisadi gücünü artıracaq və ölkə iqtisadiyyatının gələcək dövrün çağırışlarına uyğunlaşdırılmasına imkan verəcək”.