Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 26 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyasının şanlı səhifəsi yazıldı. 26 il ərzində müxtəlif çətinliklərə və maneələrə sinə keçərək uğurla həyata keçirilən “Əsrin müqaviləsi” ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin edib və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan verdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, “Əsrin müqaviləsi” Xəzər dənizinin beynəlxalq əməkdaşlığı prosesinin təməlini qoydu, ölkəmizin zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan yaratdı. Ölkənin iqtisadi qüdrətinin artmasında, beynəlxalq münasibətlər sistemində yeri və rolunun müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” respublikamız üçün böyük faydalar gətirdi. Azərbaycan dövlətinin, xalqımızın gələcək taleyini həll etdi. Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq müxtəlif çətinliklərdən və maneələrdən keçərək reallaşan “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın ümumi iqtisadi və siyasi inkişafı başladı. Bu illər ərzində Xəzər dənizini Qara və Aralıq dənizləri ilə neft kəmərləri birləşdirdi. 1994-cü ildən başlayan tarixi nailiyyət bu günə qədər bütövlükdə neft-qaz sahəsində uğurların davamı oldu.
Azərbaycanın yeni neft strategiyasının yaradıcısı Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələ olduğunu qeyd edir: “Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik – neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək”.
Xatırladaq ki, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri ölkənin gələcək inkişafı üçün tələb olunan maliyyə vəsaiti – ilkin kapital əldə etməkdən ibarət idi. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün bəlkə də yeganə çıxış yolu hesab olunurdu. Lakin 1991-1993-cü illərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsində hökm sürən regional qarşıdurma, qeyri-sabit mühit, o cümlədən respublikanın daxilində yaşanan xaos və anarxiya, hakimiyyətdə olan siyasi qüvvələrin yarıtmaz və səriştəsiz siyasəti və digər səbəblərdən dünyanın aparıcı neft şirkətlərini Azərbaycanın zəngin enerji resurslarının hasilatı və ixracına cəlb etmək, bu sahədə qarşıya çıxan maneələri dəf etmək o qədər də asan məsələ deyildi. Hətta bəzi analitiklər o dövrdə Xəzər dənizinin Azərbaycana məxsus sektorundakı neft və qaz layihələrinin beynəlxalq konsorsiumun iştirakı ilə həyata keçirilməsini əfsanə sayır və qeyri-mümkün hesab edirdilər.
Ulu öndər Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxardı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır.
Ulu Öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdıra bildi. Həmin dövrdə İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi onun müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi.
“Əsrin müqaviləsi” təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Ümumdünya neft sənayesi tarixində yeni bir mərhələ başlandı. Ulu öndər Heydər Əliyev strategiyanı belə səciyyələndirirdi: “Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur.”
1994-cü ildən bu günə qədər ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə özlüyündə qeyri-neft sektorunun da inkişafını təmin etdi. Digər tərəfdən, bu, iqtisadi inkişafın təməlinin qurulmasına imkan yaratdı. Bu gün xalqımız bu sazişin bəhrəsini görməkdədir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində neftdən gələn gəlirlər xalqın sosial rifah halında yaşamasının təmin edilməsinə yönəldib. Məhz bu layihədən əldən olunan gəlir sayəsində Azərbaycan vətəndaşlarının sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atıldı, müxtəlif layihələr həyata keçirildi. Ölkədə sabitliyin yaranması isə yeni-yeni sahələr üzrə investisiyaların Azərbaycana cəlb olunmasını şərtləndirdi. Bu da nəticə etibarilə, ölkəmizdə regionların social-iqtisadi inkişafını və digər mühüm aspektləri özündə ehtiva edən genişmiqyaslı proqramların, konsepsiyaların reallaşmasına şərait yaratdı.
“Əsrin müqaviləsi” imzalanması ilə işə düşən “Azəri-Çıraq-Günəşli” yatağından sonra davamalı olaraq digər transmilli layihələr icrasına başlanılıb. Bəzilərinin əfsanə və ya “kağız üzərində kəmər” hesab etdiyi əsas ixrac kəməri Bakı-Tiflis-Ceyhan, Baki-Tiflis-Ərzurum qaz kəməri, TAP, TANAP, Cənub Beynəlxalq Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmiryolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlisi, “Qərb-Şərq” tarixi İpək yolunun bərpası və sair kimi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənərək, nüfuzunun artmasına, xalıqn rifah halında yaşamasına, gözlənilən təhlükələri aradan qaldırılmasına xidmət edən çoxsaylı layihələr icra olunub. Azərbaycan nəinki zəngin neft və qaz yataqlarının işlənilməsinə və enerji resurslarının hasilatına, həmçinin onların dünya bazarına çıxarılması üçün yeni ixrac marşrutlarının işə salınmasına və enerji nəqlinin şaxələndirilməsinə nail olmağı bacardı. Bir sözlə “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qatmaqda, dünyadakı mövqeyinin möhkəmlənməsinə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdə davam edir.