Home Manşet Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi – Azərbaycan dövləti bir daha humanizm...

Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi – Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi – RƏY

731
0
SHARE

Azərbaycan dövləti növbəti humanist addıma imza atdı. Konkret cinayət əməli üzrə barəsində məhkəmə qərarı çıxarılan Müsavat Partiyasının üzvü Tofiq Yaqublu haqqında qərar dəyişdirilərək o, ev dustaqlığına buraxılıb. Radikal müxalifətin və 5-ci kolonun bu qərarı “qələbə” kimi yozması, bundan sui-sitifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur, hətta onlar öz çirkin məqsədləri üçün Tofiq Yaqublunun ölümünü belə istəyirdilər. T.Yaqublunun qızı Nigar Həzi, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ki, ölkənin tanınmış ziyalıları, ictimaiyyət nümayədələri də Tofiq Yaqublunun azad olunması barədə müvafiq müraciətlər etmişdilər: “Tofiq Yaqublu təcridxanada olduğu dövrdə bütün hüquqları təmin olunub, qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin edilib, hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb. Bundan əlavə, onunla İnsan haqları üzrə Müvəkkillə görüşə imkan verilib, eləcə də, Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb. Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub.

Eyni zamanda, öz xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Həkiminin təklifi ilə “City Hospotal”da müalicəsi davam etdirilib. Bundan əlavə, TƏBİB-in rəsmi şəxsləri və həkimləri, Penitensiar Xidmətin əməkdaşları xəstəxanada onun yanında olublar və onun səhhətini nəzarətdə saxlayıblar. Yaqublunun xahişi ilə onu müayinə edən həkimi Adil Qeybulla yaradılan bu şəraiti humanist bir addım adlandırdı, yaranmış vəziyyətdən yararlanmaq, Tofiq Yaqublunu öz çirkin məqsədlərinə qurban vermək istəyənləri sərt tənqid etdi. Hətta onları antiinsani fəaliyyət göstərməkdə qınadı. Ölkənin tanınmış həkimi kimi tanınan Adil Qeybullanın ittihamları bunlarla kifayətlənmədi. Okeanın o tayından yayımlanan, Azərbaycanla bağlı iftira və şər-böhtan yayan internet televiziyalarını da hədəfə aldı. Bildirdi ki, həmin çirkin qüvvələr prosesin uzanmasına, Yaqublunun aclığı davam etdirməsinə çalışırlar. “Onlar istəyir ki, Yaqublu komaya düşsün, bundan da istifadə etsinlər” – deyə, Adil Qeybulla bildirib. Lakin həmin qüvvələrin onlara məxsus şər-böhtan maşınından səsləndirdikləri fikirlər ölkənin tanınmış sosial şəbəkə istifadəçiləri, QHT və siyasi partiya nümayəndələri tərəfindən sərt tənqid edildi”.

“Təqdiredici haldır ki, sağlam qüvvələr, vətəndaş cəmiyyəti nümayəndələrinin əksəriyyəti T.Yaqublunun vəziyyətinin ağırlaşmasını və hətta ölümünü istəyərək bundan yararlanmağa çalışan radikal müxalifəti, 5-ci kolonu ciddi qınadı. Sözsüz ki, radikal müxalifət və onların havadarları Azərbaycan hakimiyyətinin bu humanist addımını özünəməxsus formada şərh etməyə, hətta qələbələri kimi qələmə verməyə çalışacaqlar. Həmin qüvvələr anlamalıdırlar ki, dövlətlə zor və şantaj dilində danışmaq olmaz. Azərbaycan dövlətinə, məhkəməyə təsir etmək heç kimə müyəssər olmayıb və olmayacaq da. Bu cəhdlər iflasa məhkumdur” – deyə, Cavid Osmanov bildirib.