“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanuna əsasən, ehtiyatda olan hərbi vəzifəlilər planlı şəkildə hərbi təlimə çağırılırlar.
Trend-in məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilən brifinqdə qurumun İctimayyiətlə əlaqələr şöbəsinin müdiri, mayor Füzuli İsmayılov deyib.
Xidmət rəsmisi qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifəsindən biri olaraq ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılması bundan əvvəlki dövrlərdə də həyata keçirilib:
“Hazırda da ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışları həyata keçirilir və bu, plan üzrə həyata keçirilir. Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər hərbi təlimlərə çağırılıb və hərbi hissələrə yola salınıb. Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, bu yolasalınma hərbi təlim toplanışları ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir. Bir daha qeyd edirik ki, bu təlim toplanışı plana uyğun şəkildə həyta keçirilir”.