Home Manşet Hikmət Babaoğlu: Prezident İlham Əliyevin milli mətbuatımıza verdiyi müsahibə tarixi müsahibədir

Hikmət Babaoğlu: Prezident İlham Əliyevin milli mətbuatımıza verdiyi müsahibə tarixi müsahibədir

761
0
SHARE

Prezident İlham Əliyevin milli mətbuatımıza verdiyi müsahibə bir neçə səciyyəvi xüsusiyyəti ilə tarixi müsahibə hesab edilə bilər. Bunlardan biri ölkə başçımızın bütün sahələr üzrə ensiklopedik bilgilərə malik olması və aldığı siyasi qərarlarda məhz onlara istinad etməsi reallığıdır ki, ona görə də bunlar milli maraqlarımızın realizə olunmasında ən doğru qərarlar olur. İkincisi, milli iqtisadiyyatımızın hələ də əsasını təşkil edən neft sənayesi tariximiz və onun istismarı məsələlərinin dövri xarakteristikası ilə bağlıdır ki, bu da neft faktorundan səmərəli istifadənin təşkili üçün oluqca əhəmiyyətlidir. Ancaq unutmaq olmaz ki, Prezident İlham Əliyev bu müsahibəsində təkcə neft sənayesi tarixi, dünya bazarında və iqtisadiyyatında neftin yeri və rolu, milli iqtisadiyyatın neft faktoru ilə əlaqəsi, neftin siyasi faktora çevrilməsi məsələləri ilə bağlı deyil, həm də əsl neft mühəndisi, Xəzər ekvatoriyasının geoloji strukturu və xəritəsini dərindən bilən bir mütəxəssis kimi danışdı. Üçüncü ən mühüm və tarixi hesab ediləcək məsələlərdən biri o idi ki, Prezident İlham Əliyev bu vaxta qədər həyata keçirdiyi siyasətdə daim dürüst olmaqla, xalqının maraqlarını qorumaqla Öz xalqı qarşısında hesabat verməyə həmişə hazır olan siyasi lider olduğunu bir daha göstərdi. Xüsusən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi kimi mürəkkəb, manipulyasiyaya açıq bir məsələdə nə qədər doğru siyasət apardığını və xalqının maraqlarına necə xidmət etdiyini ortaya qoydu: “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz”. Bu gün İlham Əliyevi təkcə Prezident deyil, həm də milli lider edən ən başlıca səbəb Onun bu cümlələrində olan dürüstlükdür. Elə Azərbaycanda xalq-hakimiyyət birliyini təmin edən sosial düstur da “mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir” ifadələrində əksini tapıb.

Hikmət Babaoğlu

Milli Məclisin deputatı