Home Siyasət Azər Badamov: BMT-nin iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bir daha dünyada...

Azər Badamov: BMT-nin iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bir daha dünyada söz sahibi olduğunu göstərdi

761
0
SHARE

BMT Baş Assamleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri və Azərbaycanın Prezidenti kimi çıxışı hər bir azərbaycanlıya böyük qürur verir. Azərbaycan dünya xəritəsində ərazicə kiçik bir ölkə olmasına baxmayaraq, 120 dövlətin adından söz demək imkanına malik olub və bu imkanı İlham Əliyevin apardığı müstəqil və ədalətli beynəlxalq siyasətin göstəricisi hesab edirəm.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, 120 dövlətin yekdil səsi ilə Qoşulmama Hərəkatına sədr seçilmiş Azərbaycan bu öhdəliyi sadəcə imic üçün üzərinə götürməyib:

“2019-cu ildən bu təşkilata sədrlik edən Azərbaycan qlobal əhəmiyyətli məsələlərin həllində Qoşulmama Hərəkatının nüfuzunun və rolunun artmasına töhfə verib. Prezident İlham Əliyevin Yüksək Səviyyəli İclasda çıxışında qeyd etdiyi kimi qlobal pandemiya dövründə Qoşulmama Hərəkatının sessiyasını onlayn qaydada çağırmaqla Azərbaycan dünya praktikasında bir ilkə imza atmışdır. Prezidentin çıxışı bir neçə vacib istiqaməti özündə ehtiva edib. Birinci istiqamət dünyanın siyasətində beynəlxalq hüquq termininin yaddan çıxmağa başladığını və BMT-nin fəaliyyətində yeni çağırışlara uyğun fəaliyyətin ortaya qoyulmasının vacibliyi ilə əlaqədardır. Bu gün dünyada terrorizmə, ölkələrin ərazi bütövlüyünü güclə dəyişdirmək cəhdlərinə, düşünülmüş şəkildə mədəni və tarixi abidələrin məhv edilməsinin genişlənməsinə qarşı, multikulturalizm və mədəniyyətlərarası dialoqun dünyada təbliğində BMT-nin fəaliyyətinin daha da artırılması vacibdir. Əgər BMT TŞ-sı özünün qəbul etdiyi qətnamələrin icrasını təmin edə bilmirsə, bu, təşkilatın fəaliyyətinin ya ikili standartlar üzərində qurulduğunu və ya da bu təşkilatın passiv olduğu qənaətinə gətirir. Ona görə də cənab Prezidentin qeyd etdiyi kimi BMT bu gün fəaliyyətini dünyada daha çox beynəlxalq hüququn və ədalətin təmin olunmasına yönəltməlidir.

İkinci istiqamət isə Ermənistan hakimiyyətinin terrorçu, işğalçı və faşizm üzərində qurulmuş siyasətinin mahiyyətini dünyaya çatdırmaqdır. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasının erməni rəhəbərliyinin sərsəm bəyanatları ilə heçə endiyini, Ermənistanın yeni əraziləri işğal etmək xülyası ilə müharibəyə hazırlaşdığını və BMT-nin qətnamələrinə məhəl qoymayaraq, özünün terrorçu siyasətindən əl çəkməyərək təxribatlara və diversiyalara əl atdığını qeyd etməklə baş verə biləcək hər hansı hərbi əməliyyata görə bütün məsuliyyətin Ermənistanın daşıdığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Üçüncü istiqamət isə Azərbaycanın iqtisadi uğurlarından, COVİD-19-a qarşı uğurlu mübarizəmizə və dünyada pandemiyaya qarşı mübarizədə Azərbaycanın verdiyi töhfələrə, o cümlədən ölkədə siyasi dialoqun və vətəndaş cəmiyyətinin inkişafında maraqlı oluğuna həsr olunmuşdur. Azərbaycan çox az ölkələrdəndir ki, BMT-yə iki dəfə Milli hesabat təqdim edib. BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerə layiq görülməsi ölkəmizin yüksək inkişaf dövrünün yaşamasının göstəricisidir. Dövlətin siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə dialoq qurması ölkədə siyasi sabitliyi möhkəmləndirməklə beynəlxalq nüfuzun artmasına xidmət edir.

Ümumi şəkildə qeyd edə bilərəm ki, cənab Prezidentin BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasdakı çıxışı Azərbaycanın dünyada söz sahibi oluğunu göstərməklə ölkəmizin nüfuzunu daha da artırdı. Prezident İlham Əliyev BMT-də bu çıxışı ilə dünya səviyyəli lider olduğunu bir daha sübut etdi”.