Home Siyasət Şəbnəm HƏSƏNOVA: Ermənistan təxribatlardan əl çəkmir

Şəbnəm HƏSƏNOVA: Ermənistan təxribatlardan əl çəkmir

668
0
SHARE

Sorosun məhsulu olan Paşinyan rejimi təxribatlardan əl çəkmir. Bu azmış kimi Ermənistan danışıqlar prosesinə tamamilə zidd olaraq beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarını kobud şəkildə pozur, Ermənistan hökumətinin ayırdığı maliyyə dəstəyi ilə Suriya və Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür. Nəzərə alsaq ki, Livan daim terrorçuların kök saldığı bir yer olub, məsələnin ciddiliyi daha da təhlükəli xarakter alır.

Çünki buradan köçürülən ailələrin içərisində də terrorçuların ola bilmə ehtimalı böyükdür. Tarixə nəzər saldıqda isə bu, faktlarla təsdiqlənir. Belə ki, dünyanın müxtəlif yerlərində terror aktları törətmiş, türk diplomatlarını qətlə yetirmiş erməni terror təşkilatı ASALA da məhz Livanda yaradılmışdı. Bu isə ermənilərin adət etdiyi klassik bir metoddur. Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar olaraq ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyətsizliyini dilə gətirmiş, Azərbaycan dövlətinin və xalqının haqlı narazılığını səsləndirib.

Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfəri də göstərir ki, bu işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil: “Bu səfərin özü də Ermənistan hakimiyyətinin Azərbaycana qarşı yeni hücum planları qurduğundan, hərbi əməliyyatların yenidən bərpasından, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətindən xəbər verir. Başa düşülməlidir ki, Azərbaycanın əzəli və tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti və iqtisadi fəaliyyət həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxara bilər. Ermənistan tərəfindən atılmış bu addım olduqca təhlükəlidir. Azərbaycan tərəfi isə belə təhlükələrin qarşısını almaqda qətiyyətlidir.

Bütün bu təxribatlar fonunda Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri müntəzəm xarakter daşıyır. Ermənistan rəhbəri yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bu da onları qorxuya salır, onlar psixoloji stress keçirirlər. Eyni zamanda o da qeyd olunmalıdır ki, Türkiyə Prezidentinin Administrasiyasından bir daha bildirildi ki, Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir. Bu isə nəinki Ermənistanı, eyni zamanda hər kəsi agah etməlidir ki, Türkiyə Azərbaycanı döyüş meydanında tək qoymayacaq.

Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara Azərbaycanı dəstəkləyəcək və bu istiqamətdə bütün imkanlarını səfərbər edəcək. ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxayın salması fonunda bu işğalçı dövlət havadarlarının səssiz razılığına güvənərək unutmasın ki, Türkiyə də Azərbaycanın müttəfiqidir.

İstər Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti, istərsə də sərhəddə fasiləsiz təxribatlar törətməsi müharibə ocağının yenidən alovlanacağını istisna etmir. İqtisadiyyatı iflic vəziyyətində olan, beynəlxalq maliyyə qurumlarında maddi yardım dilənən Ermənistan üçün bu hal heç də ürəkaçan olmayacaq. Erməni xalqı onsuz da rəzil durumda yaşayır. Müharibənin olması onlar üçün fəlakət olar. Bundan əlavə, həm hərbi-texniki təchizat baxımından, həm də kadr baxımından yoxsul olan erməni ordusunu aprel döyüşlərindəki kimi yenidən darmadağın etmək güclü Azərbaycan ordusu üçün çətin iş deyil. Bu səbəbdəndir ki, uduzan yenə qarşı tərəf olacaq.

Politoloq

Şəbnəm HƏSƏNOVA