Home Cəmiyyət Valideyn himayəsindən məhrum olma uşağın övladlığa verilməsi hüququnu yaratmır – Departament rəhbəri

Valideyn himayəsindən məhrum olma uşağın övladlığa verilməsi hüququnu yaratmır – Departament rəhbəri

784
0
SHARE

Valideyn himayəsindən məhrum olma o uşağın övladlığa verilməsi hüququnu yaratmır.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, hər valideyn himayəsindən məhrum olan uşaq övladlığa götürülə bilməz.

Övladlığa götürülmə üçün valideyn razılığının olmasının əsas olduğunu deyən Agentlik rəsmisi qeyd edib ki, bu gün valideyn himayəsindən məhrum olan 1500 uşağın olması övladlığa verilməli olan uşaqların sayının da bir o qədər olması anlamına gəlmir:

”Valideyn himayəsindən məhrum olan uşaqların bir çoxunun valideyni var, onlar uşaqlarını bir neçə müddətlik müəssisəyə yerləşdiriblər, uşaqlarından imtina etməyiblər. Ancaq elə uşaqlar var ki, onlar müəssisədə olsalar da, onu illərlə heç kim ziyarət etmir. Biz həmin uşağın valideynlərini tapırıq, onun ailəyə inteqrasiya olunması üçün danışıqlar aparırıq. Əgər valideynlər öz məsuliyyətindən imtina edirlərsə, biz onların notarial qaydada təsdiqlənmiş razılığı əsasında uşaqlarının övladlığa verilməsi ilə bağlı iş görürük. Hər iki valideyni vəfat etmiş, yaxın qohumu tərəfindən qəyyumluğa götürülməyən uşaqlar barədə məlumat da övladlığa götürülmə ilə bağlı sistemə yerləşdirilir”.

 

C.Şahmalıyev qeyd edib ki, uşaqlarına qarşı zorakılıq səbəbindən valideynlik hüququndan məhrum olan valideynlər valideynlik hüququndan məhrum ediləndən bir il sonra uşaqları övladlığa verilə bilər.

O, qəyyumluğa götürmək prosedurunun övladlığa götürmədən fərqli olduğunu da nəzərə çatdırıb. Agentlik nümayəndəsi qəyyumluğa götürmək prosedurunun yerli icra hakimiyyətlərinin üzərinə düşdüyünü də xatırladıb.

C.Şahmalıyev bildirib ki, ötən il noyabrın 1-dən (övladlığa götürmə səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən gündən) indiyə qədər 20 uşaq övladığa verilib. Onların 13-ü oğlan, 7-si qızdır.