Bu ilin 28 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Bilal Haye etimadnaməsinin surətini qəbul edib.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, nazir Ceyhun Bayramov səfir Bilal Hayeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Pakistan arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirdi. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək əməkdaşlıq, habelə çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulandı.
Sonra Nazir Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı törətdiyi yeni təcavüz aktı barəsində danışaraq, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərini və kəndlərini atəşə tutduğunu və nəticədə mülki əhali arasında itkilərin olduğunu diqqətə çatdırdı. Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirən Nazir, Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini bildirdi. Bu xüsusda, Nazir Ceyhun Bayramov qardaş ölkə olan Pakistanın hər zaman olduğu kimi bugünkü gündə də nümayiş etdirdiyi dəstəyinə görə təşəkkürünü ifadə etdi
Öz növbəsində səfir Bilal Haye ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlərin yüksək səviyyədə həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı.
Səfir, həmçinin Azərbaycanın haqlı mübarizəsində Pakistanın hər zaman ölkəmizin yanında olduğunu vurğuladı.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.