Home Manşet Ermənistanın dinc əhaliyə hücumları davam edir: Yerli sakinlər isə qorxmadan evlərindədir (FOTO)

Ermənistanın dinc əhaliyə hücumları davam edir: Yerli sakinlər isə qorxmadan evlərindədir (FOTO)

319
0
SHARE

Ön xətdə Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam edir. Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtərdə də yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananlar var, evlərə və infrastruktura ciddi ziyan dəyib.

Trend-in məlumatına görə, Tərtər şəhər sakini 84 yaşlı Aşur Muradov düşmən təxribatlarına baxmayaraq heç zaman doğma şəhərini tərk etmədiyini bildirdi: “İstər 1990-cı illərin əvvəllərində, istərsə də sonrakı dövrlərdə – 2016-cı ilin aprelində Tərtər dəfələrlə düşmənin hücumlarına, top atəşlərinə məruz qalıb. Amma nə mən, nə də ailəm heç vaxt şəhərimizi tərk etməmişik. Çünki biz öz torpaqlarımızdayıq, öz şəhərimizdəyik və Vətənimizi sevirik. Düşmən bilsin ki, təxribatları ilə heç nəyə nail ola bilməyəcək. Qüdrətli ordumuz bütün torpaqlarımızı işğalçılardan azad edəcək”.

Sonra ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağılan evlərdən bir neçəsinə baş çəkdik. Tərtər şəhər sakini Zenfira Sultanova ilə düşmən mərmisinin partlaması nəticəsində dağılan evinin qarşısında söhbət etdik. O bildirdi ki, mərmi evə düşən vaxt xoşbəxtlikdən evdə olmayıblar: “Biz evdən çıxandan 10 dəqiqə sonra mərmi düşdü. Evi yeni təmir etmişdik. Ancaq evimizin dağılmasına görə məyus olmuruq. Təki erməni işğalına son qoyulsun. Təki qələbə qazanaq”.

Digər sakin Elxan İsmayılov dedi ki, ermənilər şəhəri atəşə tutanda küçədə olub: “Qəfildən yaxınlıqda güclü partlayış səsi eşidildi. Baxdım ki, evimiz dağılıb”.

Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış kompleksi də düşmənin artilleriya atəşinə məruz qalır. Biz yaşayış kompleksində olarkən də ərazidə çoxsaylı mərmi partlayışlarının şahidi olduq. Lakin partlayış səsləri və dağıntılara baxmayaraq məcburi köçkünlərin çöhrəsində nikbinlik, qələbəyə əminlik, torpaqlarımızın işğaldan azad olunacağına böyük inam hiss edilirdi.

Elə Kəlbəcər rayonundan olan məcburi köçkün Münəvvər Cəmilova da tezliklə doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə etdi. “Eşidilən atəş səsləri, partlayışlar bizi qorxutmur. Hər birimizi düşündürən əsas məsələ doğma torpaqlarımızın azad olunmasıdır. Ordumuzun bir sıra kəndlərimizi və yüksəklikləri azad etməsi xəbərini eşidəndə sevincdən gözlərimiz yaşardı. Murov zirvəsinin azad edilməsi isə doğma Kəlbəcərimizə qayıtmaq inamımızı daha da artırdı. Biz ordumuzun qələbə qazanacağına, bütün torpaqlarımızın azad olunacağına əminik”, – deyə Kəlbəcərdən olan məcburi köçkün bildirdi.