Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Ermənistanın törətdiyi son hərbi təxribatları pisləyən bəyanat yayıblar.
Trend xəbər verir ki, bəyanatda bütün dünyanın diqqətini BMT Baş Assambleyasının 75-ci ildönümünə yönəltdiyi bir vaxtda Azərbaycan və Ermənistan arasında səhər saatlarında baş verən toqquşmalarla bağlı xəbərlə sarsıldığı bildirilir.
Qeyd edilir ki, BMT Baş katibinin bir çox dünya liderlərinin də dəstəklədiyi, beynəlxalq hüququn prinsiplərindən irəli gələn çoxtərəfli dünya nizamına bir daha çağırış etdiyi zamanda biz də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı artilleriya hücumlarını şiddətli şəkildə qınayırıq. 1994-cü ildə elan olunmuş atəşkəs birinci dəfə deyil ki, pozulur və sıravi vətəndaşlar da xəsarət alır. Dünya ictimaiyyətinə xatırladılmalıdır ki, Ermənistan Respublikası BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal edilmiş bütün torpaqlarından tamamilə və qeyd-şərtsiz çıxmasını nəzərdə tutan 822, 853, 874 və 884 qətnamələrini indiyədək yerinə yetirməkdən qaçır.
Bəyanatda deyilir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri tolerantlığa, dialoqa və qarşılıqlı anlaşmaya sadiq qalaraq Azərbaycan xalqı ilə tam həmrəylik ifadə edirlər. Azərbaycan xalqı davamlı olaraq beynəlxalq hüququn pozulması faktları ilə üz-üzə qalır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü beynəlxalq miqyasda tanınır, dəfələrlə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib.
Biz Ermənistanın təxribatlarının çoxaldığı bir vaxtda baş verən silahlı münaqişədə həyatını itirənlərin ailələrinə ən dərin hüznlə başsağlığı veririk. Biz Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi bütün səyləri tamamilə dəstəkləyirik. Biz beynəlxalq ictimaiyyəti, xüsusən də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını öz qanuni öhdəliklərinə və mənəvi məsuliyyətlərinə sadiq qalaraq lazımi addımlar atmağa, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər əraziləri ilə bağlı uzun zamandır dondurulmuş münaqişə hesab olunan problemi həll etməyə çağırırıq.
Hər yerdə olduğu kimi, Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkün də öz torpaqlarına qayıtmaq hüququnu gözləyir.